Mingəçevir İES-də qəza niyə baş verib? –"Azerenerji" son məlumatı yaydı

Mingəçevir İES-də qəza niyə baş verib? –"Azerenerji" son məlumatı yaydı 

İyulun 3-də, saat 00:20 radələrində “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) 330 kV-luq yarımstansiyasında baş vermiş qəzanın genişlənərək sistem qəzasına çevrilməsi və qəzanın fəsadlarının aradan qaldırılması barədə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi Dispetçer Xidmətinin son məlumatı açıqlanıb.

Məlumata əsasən, baş vermiş 1 fazlı qısa qapanma 3 fazlı qısa qapanmaya çevrilib və ani olaraq “Azərbaycan” İES-də işdə olan 7 enerji bloku (1 500 MVt güc) rele mühafizəsindən şəbəkədən açılıb: “Böyük güc çatışmazlığı səbəbindən (tələbatın 50 %-i həcmində) qəzanın 1-ci saniyəsində əks-qəza avtomatikasının təsirindən Azərbaycan enerji sistemi Rusiya enerji sistemindən ayrılıb”.

Qeyd edilib ki, qəzadan əvvəlki rejimdə “Azərbaycan” İES-də istehsal olunan 1 500 MVt gücun 1 000 MVt-ı Bakı və Abşeronun tələbatının ödənilməsi məqsədilə ötürülürdü: “Qəzanın ilk saniyələrində “Mingəçevir-Abşeron” yük ötürülməsi dəhlizinə daxil olan sistemtəşkiledici 330 kV-luq 1-ci Abşeron elektrik verilişi xətti “Azərbaycan” İES-də cərəyan transformatorunun dağılması səbəbindən rele mühafizəsindən və 500 kV-luq 2-ci Abşeron elektrik verilişi xətti isə asinxron gedişin ləğvi avtomatikasından açılıb, sistem əks-qəza avtomatikasının işləməsinə baxmayaraq, böyük aktiv və reaktiv güc çatışmazlığı və qəzanın ani olaraq baş verməsi, qəzanın selvari xarakter almasına və enerji sisteminin tam dayanmasına səbəb olub.

Təxirəsalınmaz operativ tədbirlər nəticəsində enerji sisteminin bərpası təmin edilib və mövcud generasiya güclərindən istifadə edilərək, ilk növbədə həyati vacib əhəmiyyətli obyektlərin, sonradan isə generasiya gücləri bərpa edildikcə digər istehlakçıların elektrik enerjisi ilə təchizatı bərpa olunub”.

Xatırladılıb ki, Dövlət Başçısı baş verən hadisəni birbaşa öz nəzarətinə götürüb.

Qeyd edilib ki, ölkə enerji sisteminin yaranmış vəziyyətdən tez bir zamanda çıxarılması və qəzanın fəsadlarının aradan qaldırılması məqsədilə dərhal bütün resurslar səfərbər edilib və enerji sistemi fövqəladə iş rejiminə keçib:

“Qısa vaxt ərzində verilmiş çevik reaksiya nəticəsində “Azərenerji” ASC tərəfindən qidalandırılan istehlakçılar 100 faiz elektrik enerjisi ilə təchiz edilib.

Hazırda enerji sisteminin dayanıqlı işi və respublikanın etibarlı elektrik enerjisi ilə təchizatı tam təmin edilir. Gürcüstan enerji sistemindən elektrik enerjisinin idxalı dayandırılıb və Rusiya enerji sistemi ilə paralel iş rejimində razılaşdırılmış qrafik əsasında elektrik enerjisinin ötürülməsi həyata keçirilir”.

Məlumata əsasən, “Azərbaycan” İES-in 330 kV-luq yarımstansiyasında yanğın zamanı zədələnmiş avadanlıqların və sıradan çıxmış idarəetmə və rabitə kabellərinin bərpası üzrə müvafiq texniki tədbirlər davam etdirilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər