Minskdə hökumət binası qarşısında çoxminli etiraz mitinqi
Minskdə avqustun 9-da keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz olaraq ölkə boyu aksiyalar davam edir.
Faktinfo.az Virtualaz.org-a istinadən xəbər verir ki, avqustun 14-də axşam Minskdə Hökumət Evinin qarşısında çoxminli etiraz mitinqi olub. Mitinq yerli vaxtla saat 21.00-da bir dəqiqəlik sükutla başa çatıb, toplaşanlar əllərindəki yanan fonarları yuxarı qaldırıblar. Təhlükəsizlik qüvvələri aksiyaya müdaxilə etməyib.
Bundan əvvəl isə avqustun 14-də gündüz Minsk Traktor Zavodunun minlərlə fəhləsi yürüşlə paytaxtın mərkəzinə gediblər və Müstəqillik meydanında, Hökumət binasının qarşısında toplaşıblar. Binanı mühafizə edən OMON əməkdaşları etirazçılarla həmrəylik əlaməti olaraq qalxanlarını endiriblər. Ardınca hökumət binasının qarşıısna daha 20 OMON-çu gəlib. Onlar insanları binadan 100 metr geri sıxışdırıblar və xahiş ediblər ki, dağılışsınlar. Nümayişçilər isə “Biz hər yerdəyik” deyə cavab veriblər.
OMON-çular nümayişçilərə müdaxilə etməyib və bildiriblər ki, onlar binanın qarşısında nə qədər istəsələr dayana bilərlər, OMON isə birinci olaraq güc tətbiq etməyəcək.
Yürüş zamanı fəhlələrə başqa etirazçılar da qoşulub, habelə Minskin mərkəzi prospekti boyu düzülən “həmrəylik zənciri”nin iştirakçıları onları dəstəkləyib. Avtomobilçilər də etirazlara dəstək olaraq siqnal veriblər.
Bildirilir ki, avqustun 14-də səhər saatlarında Minsk Traktor Zavodunun fəhlələri zavod ərazisində mitinqə toplaşıblar, onlarla görüşə baş nazir Roman Qolovçenko gedib. Amma toplaşanlar baş nazirlər zavodun qarşısında, meydanda danışa biləcəklərini deyiblər. Habelə seçkilərin yenidən keçirilməsini, şəhərdən hərbçilərin yığışdırılmasını və bütün siyasi məhbusların azad olunmasını tələb ediblər.
Qeyd edək ki, Belarus OMON-u etirazların ilk günlərində nümayişçilərə sərt müdaxilə edib, onları heç nəyi ayrıd etmədən döyüb, minlərlə adam həbs olunub. Lakin təhlükəsizlik qüvvələrinin ifrat güc tətbiqinə əl atması etirazları yatırmaq əvəzinə daha da böyüdüb, iri zavodlarda tətil başlayıb, müxtəlif müəssisələrin kollektivləri etirazçılarla həmrəylik nümayiş etdiriblər. Beynəlxalq reaksiyalar da güclənib və Belarus hakimiyyətinə qarşı sanksiyalar barədə xəbərdarlıqlar eşidilib. Bütün bunlardan sonra hakimiyyət bir qədər yumşalıb və saxlanılanlardan bir qismi buraxılıb, OMON isə güc tətbiqini azaldıb.
Bu xəbər üçün şərh yazın