Mirası qəbul edən vərəsələrin mirası qoyan şəxsin kreditorları qarşısında məsuliyyəti
Hesab edirəm ki, bu mövzu kifayət qədər mühüm olmağına baxmayaraq, istər ədəbiyyatlarda, istərsə də praktika da tələb olunan diqqəti görmür.
Belə ki, vərəsələrin miras qoyanın kreditorlarına olan borclarından məsuliyyət daşıması üçün miras qoyanın ölümündən sonra onunhəm aktivləri, həm də passivləri ilə miras əmlakının qəbulundan sonra vərəsələrin öhdəlikləri başlayacaqdır.
MM-in 1306-cı maddəsinə mahiyyəti üzrə nəzər salaq: “Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar”
1306-cı maddə borcun həm tam ödənilməsini, həm də alınmış miras əmlakında aktivlərin payı həcmində ödənilməsini nəzərdə tutur.
Əgər aktivlər həcmində borc ödənilərsə, məlumdur ki, bu situasiyada vərəsələrin mənafeyi qorunmuş olacaq.
Maddənin “tam ödəməyə” borclu olması tərəfi müəmmalıdır. Əgər aktivlərdə olan pay hesabına borc ödəniləcəksə, kreditorun borcu necə tam ödəniləcəkdir?
Ola bilər ki, mirasın aktivləri passivindən, yəni qazanılan əmlak miras qoyanın kreditorlarına olan borclardan qat-qat aşağı olsun. Bu halda kreditorun borcunun tam ödənilməsi məsələsi müəmma qalacaqdır.
Göstərilən maddənin məzmunu onu ifadə edir ki, vərəsələr yalnız və yalnız payına mütənasib surətdə birgə məsuliyyət daşıyır. Göstərilən maddə vərəsələrin mənafeyinə uyğun olmaqla, kreditorların maraqların müəyyən mənada pozulmasına səbəb ola bilər. Misal üzərindən gedək. A şəxsindən övladları B və C-ə 100.000 manat məbləğdə olan pul (mirasın aktivi) miras qalmışdır. Həmçinin A-nın D-ə 200.000 manat məbləğdə borcu (miras passivi) mövcuddur. B və C mirası qəbul edir, hər birinin miras üzərində ½ olmaqla bərabər payı müəyyənləşdirilir. Daha sonra D borcunu A-nın vərəsələrindən tələb etdikdə, 1306-cı maddəyə əsasən vərəsələrin öhdəlikləri necə müəyyənləşəcək?
Belə ki, 1306-cı və 472.1-ci maddələrin birgə şərh edilməsinə barədə KM Plenum Qərarına əsasən miras qoyan borclunun ölümündən sonra, onun vərəsələri, hansı ki onlar mirası qəbul etmişlər, onlar miras açıldığı gündən onlara çatan miras payı qədər kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. [1] Yəni, KM-nin şərhinə əsasən hər birinin payı 50.000 manat məbləğdə olduqda B və C-nin məsuliyyəti həmin pay həcmindən artıq olmayacaqdır. Yəni borcun cəmi 100000 manat olan hissəsi ödəniləcəkdir. Bununla vərəsələrin məsuliyyəti məhdudlaşmışdır və məsələ onların xeyrinə şərh olunmuşdur.
Lakin, yuxarı mövzularda qeyd etdiyimiz kimi, universal varislik prinsipinə əsasən miras bir bütün şəklində həm aktivləri, həm də passivləri ilə keçir. Universal varislik isə külli qəbul və külli imtinanı ifadə edir. Yəni mirası bütünlüklə qəbul edən vərəsələr küll şəklində borcu da qəbul edir. Burada mövcud tənzimləmə aktiv payı həcmində deyil, paya mütənasib şəklində olmalıdır. Əks halda küll şəklində qəbul prinsipi də pozulmuş olacaqdır. Necə ki vərəsə miras əmlakın bir qismindən imtina edib, bir qismini qəbul edə bilməz, universal varislik prinsipinə əsasən küll şəklində etməlidir. Burada da borca münasibətdə də bu hal tədbiq edilməlidir. Paya mütənasib olaraq məsuliyyəti ifadə edir. Yəni, 50.000/50.000 olaraq müəyyənləşən vərəsələrin payı 50%/50% kimi nəzərdə tutulduğundan, borc məbləği olan 200000 manatın da vərəsələr arasında 50 % olaraq müəyyənləşməlidir.
Borcun pay həcmində olmasına dair yanaşma müvafiq olaraq 1307-ci maddəsində də ifadə olunur. Belə ki, burada notariusun mirası siyahıya alındığı hal istisna olmaqla, vərəsənin mirasın miras qoyanın borclarının az olduğunu sübut etməli olması qeyd olunmuşdur. Yəni, notariusun siyahıya alması məsələsi özlüyündə aktivin həcminin sübutu hesab olunur. Əgər notarius siyahıya almayıbsa başqa aktivlərində olması ehtimal olunaraq və 1307-ci maddəyə əsaslanaraq, borcun hamısı tələb olunur. Ya vərəsə sübut etməlidir ki, borc aktivdən çoxdur, ya da borcu ödəməlidir. Sübut edərsə, yenə də məsuliyyəti məhdudlaşmış olur. Beləliklə, normalar göstərir ki, vərəsənin məsuliyyəti hər bir halda passivin aktivdən çox olduğu sübut olunanda məhdudlaşır.
Oxşar məsələ Vergi Məcəlləsinin 77.4.3-cü maddəsində də qeyd olunur. Belə ki, vergi ödəyicisinin vəfat etməsi və ölmüş elan olunmasının vergi öhdəliyinə xitam verilməsi hallarından biri kimi göstərmiş və ardınca həmin anda vergi borclarının ödənilməsini tənzimləməklə əlaqədar “vergilər üzrə borcların miras əmlakın dəyəri həddində ödənilməli olduğu təsbit olunmuşdur: . Bu da bir daha miras passivinin çox olduğu halda borcun qalan hissəsinin ödənilməsi məsələsinin müəmma altında qaldığını təsdiq edir.
Eyni zamanda borclardan məsuliyyət barəsində hər iki kateqoriya vərəsələr arasında hər hansı fərq görülmür. Yəni miras əmlakı vəsiyyətnamə ilə bütünlüklə A tərəfindən F-ə vəsiyyət edilə bilər. Bu zaman A-nın qanun üzrə vərəsələrin məcburi pay hüquqları saxlanılmaqla paylar müəyyən olunduqda,qanuni vərəsələr həm B, həm C, həm də vəsiyyətnamə üzrə vərəsə F birgə məsuliyyət daşıyacaqdır.
Göstərilən hal Türkiyə vərəsəlik hüququnda da tənzimlənir. Belə ki, TMK-nın 599.2-ci maddəsinə əsasən vərəsələr miras qoyanın borclarından şəxsi olaraq və birgə məsuliyyət daşıyırlar. Burada da borcları ödəməli olan vərəsələr arasında hər hansı fərq qoyulmur. Yəni, həm vəsiyyət üzrə vərəsələr, həm də qanun üzrə vərəsələr məsuldurlar.
Lakin Türkiyə qanunvericiliyində göstərilir ki, vəsiyyət üzrə vərəsə universal varis yox, cüzi varis olanda borclardan məsuliyyət daşımır. Yəni A şəxsi özünün əmlakından yalnız bir daşınmaz əşya üzrə F-ə vəsiyyətnamə verərsə, burada F universal yox, cüzi varis (cüzi halef) olur və borclardan məsul olmaz. Yəni universal varislik prinsipinə əsasən, universal varis miras əmlakı üzərində tam haqq əldə etməklə, miras qoyanın ölümü ilə mirasa daxil olan bütün haqq və borclara birbaşa sahib olmaqdadırlar. Bu baxımdan kreditorlara olan borclara görə məsuliyyəti də universal varislər daşıyacaqdır.
Bundan başqa hesab edirəm ki, kreditor qarşısında olan vərəsələr birgə borclu olduqlarından Mülki Məcəllənin birgə borclularla bağlı məsələləri tənzimləyən müvafiq normalarını bura tədbiq edə bilərik. Belə ki, MM-in 500.1 və 501-ci maddələrində qeyd olunur ki, “əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər“.
Yəni, kreditor istənilən vərəsədən borcun icrasını tələb edə bilər. Borcu tamamilə icra etmiş vərəsənin isə digər vərəsələrdən reqres tələb hüququ yaranır.
Analoji məsələlər müəyyən fərqləri olmaqla, Türk hüququnda da tənzimlənmişdir. Belə ki, burada da vərəsələrin paylarına mütənasib surətdə birgə və şəxsi əmlakı ilə məsuliyyət daşıyırlar. Yəni vərəsə B və C-nin payları ½ müəyyənləşdirilib və borc məbləği 10.000 manatdırsa, kreditor həmin borcu istədiyi vərəsədən tələb edə bilər. Yəni, burada da vərəsənin borc məbləğini ödəməsi onun miras payı miqdarında deyil, payı həcminə mütənasib surətdədir. Beləliklə, 10.000 manatı ödəyən vərəsə borcun yarısını payına mütənasib digər vərəsədən tələb edə bilər. Ümumiyyətlə, vərəsələrin kreditorlar qarşısında öhdəliyi dedikdə başa düşülür:
Hər vərəsə borcun bütün məbləği üzrə məsuliyyət daşıyır;
Kreditor borcun icrasını istənilən vərəsədən tələb edə bilər;Borc bütünlüklə icra edilənə qədər kreditor birgə borclularından hamısından borcu tələb edə bilər. Borclulardan biri borcu icra edibsə, digər borclular borcun icra edildiyi həcmdə borcdan azad olurlar.
Beləliklə, MM-in 1306-cı maddəsində ifadə olunan “birgə borclu”, “tam şəkildə ödəmək” ifadələri də bunu ifadə edir. Çünki, göstərilən ifadələrlə “borcun aktiv payı həcmində ödənilməsi” bir-birini təkzib edəcəkdir. Məlumdur ki, aktivi borcdan az olan vərəsə borcu tam şəkildə ödəməyəcəkdir. Bu baxımdan borcun aktivdəki pay həcmində deyil, paya mütənasib surətdə ödənilməsi daha məqsədəmüvafiq olacaqdır. Əks halda vərəsəlik hüquq institutunda mövcud olan külli qəbul etmə prinsipi öz təsdiqini tapmayacaqdır. Göstərilən tənzimləmə həm də kreditorların mənafelərinin qorunması baxımdan mühüm rolu olacaqdır.
Aysu Nəbizadə
Hüquqşünas
Bu xəbər üçün şərh yazın