Müəmmər Qəzzafinin oğlu Seyfəlislam Liviyanın yeni ümidinə çevrilir
Oğul Qəzzafi bu il keçiriləcək prezident seçkilərində iştirak etmək barədə qərar qəbul edib.
Liviyanın eks-lideri Müəmmər Qəzzafinin oğlu Seyfəlislam Qəzzafi prezident seçkilərində iştirak etmək niyyətindədir. “Azərbaycan” qəzeti xəbər verir ki, bu barədə Qəzzafilər ailəsinin mətbuat katibi Basim Haşimi Sul Misirin ingilisdilli “Egypt Today” jurnalına məlumat verib.
Sulun dediyinə görə, Seyfəlislam 2018-ci ilin ortalarında keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürəcək. O, yaxın vaxtlarda öz proqramını açıqlayacaq. Proqrama “Liviyanın cari keçid dövründən sabitliyə addımlamasına kömək edəcək prosedurlar” daxil olacaq. Seyfəlislam ümid edir ki, BMT bu prosedurları dəstəkləyəcək.
Qəzzafilər ailəsinin vəkili Xalid Zaidi “əl-Ərəbiyyə” telekanalına bildirmişdir ki, Seyfəlislam Liviya cəmiyyətinin həyatında iştirak edir, hərtərəfli proqram hazırlamaq məqsədilə ictimai xadimlərlə və yerli qəbilələrin liderləri ilə əlaqə saxlayır.
Əslində bu xəbər müəyyən mənada gözlənilən idi. Məsələ ondadır ki, Liviya lideri Müəmmar Qəzzafinin oğlu Seyfəlislam Qəzzafi ötən ilin aprelində azadlığa buraxılıb. Həmin vaxt bu barədə Fransa televiziyasına açıqlama verən vəkili Kərim Xan bildirmişdi ki, Tobrukda yerləşən Liviya hökumətinin elan etdiyi amnistiya çərçivəsində Seyfülislam Qəzzafi 2017-ci ilin aprelində azadlığa buraxılıb.
Vəkilinin dediyinə görə, aprelin 12-də azad edilən Seyfəlislam hazırda Liviya ərazisində olub, onun həyatına təhlükə yoxdur. Məsələ ondadır ki, indi Seyfəlislam üçün ən təhlükəsiz yer elə Liviyadır. Çünki Qəzzafidən sonra dağılıb xaraba qalan Liviyada formal olaraq iki hakimiyyət mövcuddur, ölkə tamamilə xaraba qalıb, yaxın zamanlarda nəinki sabitliyin əldə olunması gözlənilmir, əksinə, ölkənin iki və ya üç hissəyə bölünməsi ehtimalı var. Hazırda ölkənin şərqi və qərbində iki siyasi iqtidar mövcuddur. Dərnə şəhəri və ətrafı isə İŞİD-in nəzarətindədir. Liviya tamamilə yer üzərindən silinmək ərəfəsindədir.
Maraqlıdır ki, həbsdən azad edildikdən qısa müddət sonra Seyfəlislam Liviyada nüfuzlu qəbilə rəisləri ilə birlikdə iftar yeməyinə qatılmışdı. Hələ o zaman ehtimal olunurdu ki, oğul Qəzzafi siyasətə, daha doğrusu atasından sonra boş qalan Liviya hakimiyyət rəhbərliyinə iddiaçıdır. Bunun üçün indi necə deyərlər, ciddi səbəb də var.
Müharibə nəticəsində Liviya xaraba qalıb, əhali terror və xaosdan, səfalətdən əziyyət çəkir. Belə bir zamanda təbii ki, xalq Qəzzafinin rifah və sabitlik dövrünü (demokratiya indi o qədər də yada düşmür – K.R.) tez-tez xatırlayır. Üstəlik indi Liviyada Qəzzafinin güclü tayfaları hələ də böyük güc və maddi imkanlara sahibdir. Bu isə o deməkdir ki. bu il keçiriləcək seçkilərin əsas iddiaçısı məhz Seyfəlislam olacaq.
Seyfəlislam Qəzzafi 1969-cu ildən 2011-ci ilə qədər Liviyanı təkbaşına idarə edən polkovnik Müəmmar Qəzzafinin 8 övladından biridir. Ancaq digər övladları ilə müqayisədə Seyfəlislam atasına daha yaxın və onun gələcək varisi, diktatorun parlaq övladı hesab olunurdu. Bu səbəbdən də Liviyada başlayan etirazlara qarşı əsas mübarizə aparan da Seyfülislam idi.
Seyfəlislam Qəzzafi 1972-ci ildə Liviyada anadan olub. Avstriya və İngiltərədə təhsil alıb, dünyanın ən nüfuzlu ali məktəblərindən biri olan Londonda İqtisadiyyat və Siyasi Elmlər Məktəbini bitirib, memar-mühəndis ixtisası üzrə fəlsəfə doktorudur.
Eyni zamanda Liviyada yeni islahatçı lider, Qərblə yaxınlaşmanın əsas memarı olaraq tanınan Seyfülislamın atasından sonra Liviyaya rəhbərlik edəcəyi gözlənilirdi. Ancaq 2011-ci ilin gəlməsi ilə hər şey dəyişdi. Bütün dünya Liviyaya qarşı olanda, NATO havadan və gəmilərdən Liviyanı bombalayanda ortada görünən Seyfülislam idi və Qərbə meydan oxuyurdu. Liviyada üsyançılara və NATO qüvvələrinə qarşı müqavimətə məhz Seyfəlislam rəhbərlik edirdi.
Seyfəlislam 2011-ci ilin noyabrında maşınla Niger sərhədinə tərəf gedərkən Zintan şəhərinin könüllülər briqadasının əlinə keçmişdi. Ələ keçdikdən sonra Qəzzafinin oğlu işgəncəyə məruz qalmış, Liviyada üsyan başlayanda üsyançıları hədələdiyi məşhur fotosuna cavab olaraq vaxtı ilə üsyançıları hədələdiyi sağ əlinin şəhadət barmağı kəsilmişdi.
2015-ci il iyulun 24-də Trablus Apelyasiya Məhkəməsi onu 17 fevral inqilabı zamanı Liviya xalqına qarşı cinayətlər törətməkdə ittiham edərək qiyabi ölüm hökmünə məhkum etmişdi. Onunla bərabər mühakimə olunan Liviyanın keçmiş hakimiyyətinin onlarla yüksək rütbəli məmuru da müxtəlif cəzalar almışdı.
Seyfəlislamın iqtidara gəlmək arzusu təbii ki, həm də xaricdən dəstəklənir. Məsələ ondadır ki, hazırda Liviyada savaşan faktiki iki hakimiyyətdən birini Səudiyyə Ərəbistanı, BƏƏ və Misir dəstəkləyir, digər qrupu isə Qətər və Türkiyə hakimiyyəti dəstəkləyir. Belə görünür ki, oğul Qəzzafinin prezidentliyə iddiası həm də region gücləri arasında rəqabətin nəticəsidir. Görünür ki, Liviyanı birləşdirə biləcək əsas qüvvə hesab olunan Qəzzafinin oğlunu məhz Səudiyyə Ərəbistanı və Misir koalisiyası dəstəkləyəcək. Çünki aydındır ki, güclü xarici dəstəyi olmasa Liviyada hansısa qüvvənin iqtidar olması mümkün deyil. Bunu nəzərə alan körfəz koalisiyası da məhz Seyfəlislamı buna görə irəli çəkmək və onun vasitəsilə ölkədə mərkəzləşdirilmiş hakimiyyəti qurmaq istəyir. Çünki Qəzzafi ailəsinin nüfuzu, təsir imkanları və maliyyə imkanları buna yetir. Bu mənada indi Seyfəlislam həm də Liviyanın “ümidi” halına gəlib.
Bu xəbər üçün şərh yazın