“Muğan Bank” İFLASIN ASTANASINDA - HESABAT
“Muğan Bank” 2020-ci ilin sonuna olan hesabatını açıqlayıb.
“Muğan Bank”ın məcmu kapitalı 10 milyon 182 min manatdır. Bu isə normadan 39 milyon 818 min manat və ya 80% azdır. Banklar haqqında qanunun 3.2 maddəsinə əsasən Bankın məcmu kapitalının minimum miqdarı 50 (əlli) milyon manat məbləğində olmalıdır.
Məcmu kapitalın 50 milyon manatdan az olduğu təqdirdə bankın lisenziyası Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ləğv olunur və Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən bankın ləğv olunmasına dair işlərə start verilir.
Xatırladaq ki, lisenziyası ləğv olunmuş Amrah Bank, AG Bank, NBC Bank, Dəmir Bank və s. bankların məcmu kapitalı 50 milyon manatdan az idi. Buna görə də bankın məcmu kapitalının normaya qaytarılması üçün bir neçə rüb güzəşt tətbiq ediləcək. Bu güzəşt dönəmində bankın məcmu kapitalı yenə normaya cavab verməsə, “Muğan Bank”ın lisenziyası ləğv olunacaq.
2020-ci ilin sonunda bankın cəmi aktivləri 590 milyon 906 min manat olub ki, bu da 2019-cu ilin eyni rübü ilə müqayisədə 69 milyon 930 min manat və ya 10,5% azdır. Bunun əsas səbəbi isə bankın müştərilərinə verdiyi xalis kreditlərin 29 milyon 532 min manat və ya 8,2% az olmasıdır.
Bankda yerləşdirilən depozitlərin 56 milyon 40 min manat və ya 16,7% azalması”Muğan Bank”ın cəmi öhdəliklərinin 69 milyon 70 min manat və ya 12% azalaraq 504 milyon 27 min manata düşməsinə səbəb olub.
Bankın cəmi kapitalı 156 min manat azalaraq 86 milyon 879 min manata enib.
Faiz gəliri 27 milyon 700 min manat, faiz xərcləri isə 19 milyon 781 min manat olan bankın xalis faiz gəliri 7 milyon 919 min manat olub. Qeyri-faiz gəliri 18 milyon 157 min manat, qeyri-faiz xərcləri isə 28 milyon 295 min manat olub ki, bu da bankın 2 milyon 219 min manat əməliyyat zərərinə səbəb olub.
Qeyd edək ki, mənfəət vergisini hələ də ödəməyən “Muğan Bank” 2020-ci ilin sonunda 707 min manat xalis mənfəət əldə edib. //Valyuta.az//
Bu xəbər üçün şərh yazın