"MUĞANBANK" BAĞLANIR - Mərkəzi Bank bu ASC-nin lisenziyasının ləğvinə qərar verib
Azərbaycanda daha bir bankın - "Muğanbank" ASC-nin bağlanması haqda qərar qəbul edildiyi bildirilir.
Faktinfo.az xəbər verir ki,bu barədə məlumatı AzPolitika.info yayıb.Sayta bank qaynaqlarından verilən məlumata görə, Azərbaycan Mərkəzi Bankı (AMB) “Muğanbank” ASC-nin lisenziyasının ləğv edilməsi və bankın müflisləşmə yolu ilə bağlanması haqqında məhkəməyə müraciət edilməsi barədə qərar verib.
Məlumata görə, AMB bununla bağlı rəsmi açıqlamanı məhkəmənin qərarından sonra yayayacaq.
“Muğanbank” ASC-nin lisenziyasının məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimal miqdardan az təşkil etməsi, məcmu kapitalının adekvatlıq əmsalının normadan az olması, habelə cari fəaliyyəti etibarlı və prudensial qaydada həyata keçirilmədiyinə görə “Banklar haqqında” Qanunun müvafiq maddələrinə əsasən ləğv edildiyi ehtimal edilir.
Qeyd edək ki, bir müddət əvvəl “Günaybank” da eyni səbəblərdən bağlanmışdı. Həmin vaxt ekspertlər növbəti bağlanacaq bankın “Muğanbank” ASC olacağını proqnozlaşdırırdı. Buna səbəb kimi isə 2022-ci ilin yekun hesabatlarına əsasən “Muğanbank” ASC-nin vəziyyətinin “Günaybank” ASC-dən də pis olması göstərilirdi.
Belə ki, ötən ilin nəticələrinə görə, “Günaybank” 490 min manat xalis mənfəət əldə etdiyi halda, “Muğanbank”-ın mənfəəti cəmi 56 min 650 manat təşkil edib. Beləliklə də “Muğanbank” Azərbaycanda ən az mənfəət əldə edən bank olub.
Bankların hazırkı vəziyyətini və perspektivini müəyyən edən daha bir olduqca önəmli göstərici isə kapitalın mənfəətliliyi əmsalıdır. Bankların öz kapitallarından istifadə səviyyəsini, ümumi effektivliyini göstərən bu göstərici üzrə də “Muğanbank” ASC-də vəziyyət “Günaybank” ASC-dən də pis idi. ROE əmsalı kimi də tanınan bu əmsala görə, son üçlük “Unibank”, “Muğanbank” və “Bank BTB”-dən ibarətdir. “Günaybank isə sondan dördüncü idi. “Günaybank”da bu göstərici 0.7 faiz olduğu halda, “Unibank”da 0.5 faiz, “Muğanbank”da isə cəmi 0.1 faiz təşkil edib. Sonuncu yerdəki “Bank BTB”-də bu rəqəm mənfi 9.9 faizdir.
Bütün bunlar o deməkdir ki, “Muğanbank” xeyli müddət idi ki, risk zonasında olan banklardan biri hesab edilirdi. Ona görə də “Günaybank”-ın ardınca “Muğanbank”-ın da bağlanacağı təxmin edilirdi.
Qeyd edək ki, maliyyə bazarı üzrə ekspert Əkrəm Həsənov da bir qədər əvvəl mediaya açıqlamasında bildirmişdi ki, “Günaybank”ın lisenziyasının ləğvi ilə bağlı əsaslandırmanı bir neçə əsas bankı çıxmaq şərti ilə bütün bazara aid etmək olar: “Məsələn, məndə olan məlumata görə, “Muğanbank”ın kapital göstəriciləri daha pisdir. Problemli kreditləri daha çoxdur.”
Bu xəbər üçün şərh yazın