“Müharibə ehtimalı var” - Politoloq

“Müharibə ehtimalı var” - Politoloq 

Türkiyə Şərqi Aralıq dənizində tamamilə doğru hərəkət edir. O, öz suverenliyini qorumaqdan ötrü istənilən dünya gücü ilə üz-üzə gəlməyə hazırdır.

Bunu hüquq elmləri doktoru, professor, beynəlxalq dəniz hüququ üzrə mütəxəssis Rüstəm Məmmədov bildirib.

 

O qeyd edib ki, hazırda bir neçə dövlət birləşərək Türkiyəyə qarşı faktiki elan olunmamış müharibə aparır. Bunun tamamilə qanunsuz iş olduğunu vurğulayan politoloq hesab edir ki, Türkiyə ərazisinə yaxın yerləşən dəniz suları Türkiyənin ərazisidir:

 

“Beynəlxalq dəniz hüququ nöqteyi-nəzərindən orada məsafə o qədər də çox deyil. Həmin məsafə isə Türkiyənin məhəlli suları siyahısına daxildir. Başqa dövlətlər gəlib ondan pay istəyirlər. Bu da tamamilə qanunsuz bir işdir”.

 

Rüstəm Məmmədov bu məsələdə daha çox israrlı dövlətin Yunanıstan olduğunu vurğulayıb: “Yunanıstanın Türkiyə ilə tarixi ədavəti var. Onlar heç bir vəchlə İstanbulu, onların təbirincə desək, Konstantinopolu, Ayasofyanı Türkiyəyə bağışlaya bilmirlər. Ona görə də hər an məqam tapıb Türkiyə əleyhinə addım atır, ona qarşı iddia irəli sürürlər. Bu, ilk hadisə deyil. Egey dənizində hərbi qarşıdurma, Türkiyəyə mütəmadi surətdə həmlələr etmək və sair təxribatçı addımlar bunun göstəricisidir. Özü də görünür, Yunanıstan başa düşmür ki, o, Türkiyə ilə müharibəyə girsə məğlub olacaq. Hətta adalarını da itirəcək”.

 

Qeyd edək ki, bir sıra Avropa ölkələri bu qarşıdurmada haqq-ədalətin deyil, nahaqqın yanında olduqlarını nümayiş etdirirlər. Onların başında gələn Fransa Respublikasıdır. Bu istiqamətdə də sualımızı cavablandıran Rüstəm Məmmədov deyib ki, Fransa da tarixən Türkiyəni sevməyən ölkələr sırasındadır və Yunanıstanın qurduğu koalisiyanın aparıcı üzvlərindəndir:

 

“Fransa Türkiyəni heç sevmir, əvvəldən sevmir. Hələ Türkiyənin varisi olduğu Osmanlı imperiyasına da müsbət münasibət bəsləməyib. Osmanlı imperiyasının dağıdılmasında Fransanın böyük rolu olub, sonra isə özü onun Suriya, Fələstin kimi torpaqlarını mənimsəyib. Fransa Türkiyəni heç vəchlə Avropa İttifaqına yaxın buraxmadı, onun ittifaqın üzvü olmasına imkan vermədi. İndi isə Türkiyəyə növbəti həmlə edir. Öz maraqlarını güdmək bəhanəsi altında Türkiyənin güclənməsini istəməyərək Ankaraya qarşı bu addımları atır”.

 

Bu gərginliyin necə yekunlaşacağına gəldikdə isə Rüstəm Məmmədov deyib: “Müharibə ilə... Müharibə ehtimalı kifayət qədər yüksəkdir. Məsələni müharibəyə doğru aparırlar. Türkiyə isə necə deyərlər, “qabağından yeyən” dövlət deyil. Əgər o koalisiya müharibə istəsə Türkiyə müharibədən imtina etməyəcək. Müharibədə də türk qardaşlarımız qalib gələcək. Türkiyə öz maraqlarını ciddi surətdə qorumaq niyyətindədir və bu maraqlar ona Osmanlı imperiyasından qalan yadigarlardır. Müasir Türkiyə o yadigarları qorumağa borcludur”.

 

Professor sonda deyib: “Əslində Türkiyə bu gün eyni zamanda bir sıra cəbhələrdə vuruşur, yaxud mübarizə aparır. Bunlar Suriya, Fələstin və Qarabağ cəbhələridir. Türkiyə bu ideyaları qorumaqda israrlıdır. Çünki Türkiyənin missiyası budur. Türkiyə tarixi missiyanı ardıcıl surətdə həyata keçirməyi bacarır və bacarmalıdır”.Teleqraf.com

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi