Müxalifət Paşinyanın istefası xəbərini yaydı - Baş nazirin aparatından reaksiya
Ermənistan Baş nazirinin ofisi Nikol Paşinyanın istefası ilə bağlı yayılan xəbərləri təkzib edib.
AzPolitika.info erməni mediasına istinadən xəbər verir ki, Administrasiya rəhbərinin müavini Taron Çaxoyan sosial şəbəkədəki hesabında müxalifət mediası tərəfindən tirajalanan xəbərlərin həqiqətə uyğun olmadığını yazıb.
“Yalan şayiələr yayanlar öz qulaqlarını görmədikləri kimi, Baş nazirin istefasını da görməyəcəklər. Ermənistan vətəndaşları cəmi bir il əvvəl öz seçimini ediblər. İrəvan küçələrində "artsaxı" xilas edən" insanlar öz tərəfdarlarını ruhlandırmaq üçün növbəti yalanı yayırlar. Başa düşürəm ki, sizin sıralarınız seyrəlib, getdikcə azalırsınız, amma belə kiçik zarafatlarla öz tərəfdarlarınızı daha da məyus edirsiniz”, - Çaxoyan qeyd edib.
Hakimiyyət nümayəndəsi əmindir ki, müxalifətin fəallığı cəmi bir neçə gün çəkə bilər. Onun sözlərinə görə, hər il istefa və növbədənkənar seçki tələb etmək absurddur.
Xatırladaq ki, mayın 2-dən İrəvanda müxalifət qüvvələrinin etiraz aksiyaları yenidən başlayıb. "Fransa" meydanında çadırlar quran fəallar Qarabağ siyasətinə görə Ermənistan hakimiyyətinin istefasını tələb edirlər.
Bu xəbər üçün şərh yazın