Nadir Qafarzadə: “Efirlərə qıjıları, “uğursuz gecənin məhsulları”nı çıxarırlar”
Müğənni Nadir Qafarzadə son vaxtlar televiziya ekranlarına səviyyəsiz insanların çıxarılmasından şikayətlənib.
Faktinfo.az xəbər verir ki, musavat.com-a danışan müğənni efirlərdə baş verən biabırçılıqların yolverilməz olduğunu deyib: “Efirlərdə biabırçılıqlar bitmir. Adını isə reytinq qoyurlar. Mən niyə məcburən Rusiya televiziyalarına baxmalı, özümdə təsəlli tapmalıyam? Niyə övladlarım informasiyaları, bilgiləri yalnız internet resuslarından axtarmalıdır?
Deyirlər reytinq, camaatın zövqü budur. Bəs məndən, mənim zövqümü soruşan olub? Və yaxud digərlərindən zövqlərini soruşublarmı? Kimdir, o reytinqi verənlər, qıjılarmı, atası-anası bəlli olmayan, “uğursuz gecənin məhsulları”mı? Efirlər nə zaman keyfiyyətli verilişlər verdi, biz isə baxmadıq?”
Nadir Qafarzadə həmkarlarının veriliş aparmasına da münasibət bildirib: “Mən elə gəlir ki, hər kəs öz peşəsi ilə məşğul olsa yaxşıdır. Amma məsələn, bir neçə il bundan əvvəl xalq artisti Brilliant Dadaşova çox gözəl veriliş aparırdı, mən həmişə onu izləyirdim. Çox istərdim ki, Brilliant xanım yenə veriliş aparsın. Onun verilişində həm mədəniyyət, həm də şou var idi və bu çox uğurlu alınmışdı”.
Müğənni özü də veriliş aparmaq aruzusunda olduğunu bildirib: “Arzu edirəm ki, televiziya rəhbərləri mənə bir veriliş həvalə etsin. Lakin deməsinlər ki, həmin verilişə filan müğənni gəlsin. Bütün bunların hamısı mənə həvalə olunsun. Verilişimə mədəni, davranışını bilən, oxuma tərzi səviyyəli olan müğənniləri dəvət edərdim. Yəni, elmli, ziyalı insanları da nəzərə almaq lazımdır. Lakin hazırda reytinq yalnız səviyyəsi olmayan insanların zövqü ilə ölçülür. Mənə elə gəlir ki, bunu məqsədli şəkildə, insanların səviyyəsinin aşağı salınması üçün edirlər”.
Müğənni efirlərdə səslənən musiqiləri də tənqid edib: “Bəzən elə musiqilər səsləndirirlər ki, adam dəhşətə gəlir. Kim dedi ki, həmin əxlaqa sığmayan, səviyyəsiz musiqilər Azərbaycan musiqiləridir? İndi təqdim edilən musiqilərin 80 faizi əxlaqsız, pozğun musiqilərdir. O musiqiləri kim yazıb, məlum deyil”.
Bu xəbər üçün şərh yazın