Natiq Cəfərli: “Dövlət Gömrük Komitəsi ləğv edilməlidir”
“Azərbaycanda müstəqillikdən bəri ən çox şikayət olunan orqanlardan biri, bəlkə də ən birincisi həmişə gömrük orqanları olub.
Onların fəaliyyəti bu orqanın fəlsəfəsinə uyğun deyil. Dünyada gömrük orqanlarının əsas mahiyyəti daxili bazarın qorunmasıdır. Bu fəlsəfə daxili istehsalçıları qorumaq, onlara rəqabətli mühit yaratmaq üçün anoloji məhsulların ölkəyə gətirilmə rüsumlarının artırılmasından ibarətdir. Azərbaycanda isə bu fəaliyyət növü həmin tərzdə qurulmayıb. Yerli istehsal oldu-olmadı, gömrük rüsumları ilə bağlı ciddi problem yaşanır, rüsumlar yüksəkdir. Gömrük orqanları bu məsələlərə kifayət qədər qeyri-peşəkar yanaşırlar”.Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
Ekspert bildirib ki, Azərbaycandakı bahalığın yaranma səbəblərindən biri də məhz rüsumların yüksək olması və gömrük orqanlarıdır: “Dünyanın bir çox ölkələrində gömrük orqanları ayrıca müstəqil qurum kimi fəaliyyət göstərmir. Bizdə sanki keçmiş post-sovet ölkələrinin bəzilərinə bənzər bir sistem yaradılıb. Müstəqil qurum kimi fəaliyyət göstərməsinə ehtiyac yoxdur. Növbəti addımların birində mütləq bu orqan ləğv edilməli, dövlətin bütün vergi və gömrük siyasəti bir mərkəzdə toplanmalıdır.
Yəni İqtisadiyyat Nazirliyində. Necə ki, Vergilər Nazirliyi ləğv edilib ayrıca bir departament kimi nazirliyin nəzdində fəaliyyət göstərir, eləcə də gömrük orqanları ayrıca bir qurum kimi ləğv edilərək İqtisadiyyat Nazirliyində kiçik bir departament kimi fəaliyyət göstərməlidir. Tək struktur dəyişiklikləri ilə iş tamamlanmır. Gömrük orqanlarının fəlsəfəsi, yanaşması da dəyişməlidir ki, ölkədəki iqtisadi canlanmaya kömək edən orqana çevrilsin. İndi isə iqtisadi canlanmaya kömək edən yox, mane olan başlıca orqana çevrilib”.
Bu xəbər üçün şərh yazın