Naxçıvanda etiraz: "Bazardakı yerləri satdılar öz qohumlarına" - Video
Xəbər verdiyimiz kimi, ötən gün - yanvarın 5-də "Cahan" Ticarət Mərkəzində fəaliyyət göstərən ticarətçilər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər.
Yeniavaz.com xəbər verir ki, "Naxçıvan Televiziyası" sözügedən aksiyadan reportaj hazırlayıb.
Bildirilib ki, ticarətçilər onlardan alınan icarə haqlarının çox olması ilə bağlı narazılıqlarını bildiriblər, həmçinin bu məbləğin azaldılmasını tələb ediblər.
Onların dediyinə görə, dükanların əksəriyyəti onlara yox, bəzi məmurlara və ticarətlə əlaqəsi olmayan digər şəxslərə satılıb. Həmin sahibkarlar isə 8-10 kvadratmetrlik dükanlar üçün ticarətçilərdən 400-600 manat kirayə haqqı alırlar. Bundan əlavə ticarət mərkəzi tərəfindən isə sahibkarlardan müqavilədə 175 manat göstərildiyi halda, 280-300 manat arası xidmət haqqı alınır. Onlar bildirirlər ki, karqo şirkətləri də qiymətləri qaldırıb. Təbii ki, bütün bunların hamısı qiymətlərə öz təsirini göstərir.
“1998-ci ildən bazarda al-ver edirəm. Bazarda çox adamın yeri var idi. Heç kimə yer vermədilər. Satdılar öz qohumlarına. Bizə də heç nə vermədilər. Onun yerində bina tikib satıblar camaata. Dükanları da satıblar öz qohumlarına”, - etiraz edən ticarətçilərdən biri deyib.
Ticarət mərkəzində meyvə-tərəvəz satışı ilə məşğul olan alverçilər də 1-2 kvadratmetrlik piştaxta üçün onlardan alınan 100-150 manat icarə haqqının çox olmasından narazılıqlarını bildiriblər.
Bildirilib ki, etirazçılar məsələ ilə bağlı Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin də qəbulunda olublar.
Bu xəbər üçün şərh yazın