Nazir müavini “Azərpoçt”da fironluq edən, məşhur “pulyığan” Emin Kərimliyə himayədarlıq edir? - GİLEY
“Azərpoçt”da olan anarxiya və rüşvətdən dəfələrlə şikayət və narazılıqlar mediada öz əksini tapmışdır.
Xüsusilə, "Azərpoçt"da iş fəaliyyətində yol verdiyi neqativ hallara, rüşvət faktına görə məşhur “pulyığan” funksiyasını yerinə yetirən Emin Kərimli barədə bir neçə dəfə şikayətlər olunub. Emin Kərimli bu fəaliyyət profilinə, yəni pul yığmasına görə işdən də kənarlaşdırılıb. Amma nə sirrdirsə bir “qüdrətli əl” onun yenidən poçt sahəsində işə qayıtmasına yardımçı olub. Yəqin “pulyığansız” keçinmək mümkün olmayıb.
Bir neçə internet media resurslarında işıqlandırılsa da şikayətinin təmin olunmaması səbəbindən “Hürriyyət”ə üz tutan “Azərpoçt”un 2 saylı poçt filialının, 78 saylı poçt şöbəsinin müdiri Musayeva Zeynəbin problemlərini lazımı orqanların eşitməsi və çözməsi üçün bir daha diqqətə çatdırmağı özümüzə borc bildik. Musayeva Zeynəb Musa qızı illərdir bu sahəyə əmək verib. Hətta onu əməkdar poçt işçisi də adlandırmaq olar. Şikayətinin məğzi isə ondadır ki, “arxasında dağ kimi” himayədarı olan Emin Kərimli Musayeva Zeynəb xanımı gözümçıxdıya salıb. Emin Kərimli bir müddət əvvəl 3 saylı poçt filialının müdiri kimi çalışıb. Fəaliyyətində yol verdiyi nöqsanlara və korrupsiya faktlarına, başına min bir oyun açdığı çoxsaylı işçilərin şikayətinə görə tutduğu vəzifədən azad edilib. Amma yuxarıdan bir əlin köməyi ilə “Azərpoçt”un 2 saylı filialına müdir əvəzi olaraq təyin olunub və yenə də işçiləri incitməyə davam edir. Dövlətin qanunlarına meydan oxuyaraq sözünü dinləməyənləri ixtisara salmaqla təhdid edir.
Musayeva Zeynəb vəziyyəti belə təsvir edir: “Emin Kərimli gələn gündən qəsdi-qərəzlik aparır. Şöbəyə gələn gündən mənə barmağını yelləyərək dedi ki, mənə “Azərpoçt” və Rabitə Nazirliyi “volya” verib, kimi istəyərəm çıxardaram, kimi istəsəm dəyişərəm, kimi istəsəm yerini bağlayaram. Bizim poçt şöbəsi Novruzov qardaşları 10 A ünvanıında yerləşirdir. Sonra bu binanı satdılar və hal-hazırda biz 27,5 kv.m. sahədə kirayədə işləyirik. Əvvəldən kirayənin qiyməti 200 azn idi, 176 azn binanın sahibinə çatırdı, qalanı isə vergiyə sərf olunurdu. İndi isə kirayə müqaviləsi 350 azn dəyərində bağlanılıb. Kirayə müqaviləsini “Azərpoçt” bağlayıb. İndi də Emin Kərimli iddia edir ki, poçt zərərlə işləyir. Bu poçt şöbəsini bağlayacağam. Kim məbləğ versə yerində qalacaq, kim verməsə onu dəyişəcəm, ya da poçt şöbəsini bağlayacağam.
İyul ayının 14-dən 78 saylı poçt şöbəsində çalışan poçtalyonlarımı əmrsiz 106 saylı poçt şöbəsinə yönəldib ki, gedib oradan məktubları gətirsinlər. 65, 2 saylı şöbələrdən gətirsinlər. Amma halbuki 78 saylı poçt şöbəsinə hər gün inkassator maşını gəlirdi, bu günə kimi də gəlir. Emin Kərimli işçiləri məcbur edir ki, gedib digər şöbələrdən məktubları, bağlamaları götürsünlər. Poçtalyonları get-gələ salır, incidir, yolunu uzadır. Mən də bildirdim ki, Emin müəllim, poçtalyonların yolu uzanır deyə onların yol pulunu kim verəcək. E.Kərimli mənə deyir ki, şöbə rəisisən, sən ver. Misal üçün, Arzu xanım adlı poçtalyon bildirdi ki, sağlamlıq vəziyyətinə görə ona ağır götürmək olmaz. E.Kərimli ona bildirir ki, şöbə rəisin sənə yol pulu versin. Xanım bildirir ki, şöbə rəisi niyə versin, bizə hər gün gətirirdilər. Qoyun indi də gətirsinlər. Kərimli bildirir ki, xeyr, mən göstərişi belə vermişəm. 3 saylı filialın müdiri vəzifəsində işləyərkən 1132 saylı poçt şöbəsində necə ki, hamıya “dolya” təyin edirdi, indi bizə də eyni yöntəmi tətbiq edir. İndi də 2 saylı filialın müdiri vəzifəsinə gələndən sonra da işçiləri incidir. Qurban bayramı günü mənə zəng vurdu ki, gəl söhbət edək.
Cavabında bildirdim ki, Emin müəllim ictimai nəqliyyat işləmir, mən necə gəlim. Kərimli dedi ki, bura gələ bilmirsənsə, adam tap, get Əfqan müəllimin yanına, 1-3-5. Mən deyəndə ki, sizi başa düşmədim. Qarşılığında mənə bildirdi ki, get Əfqan müəllimin yanına, hansı ilə razılaşar verərsən. (Görünür, bu 1-3-5 məsləhəti ilə məbləğlərin Əfqan müəllimə ünvanlanmasını göstəriş verib). Mən də gedib Əfqan müəllimlə görüşdüm, bildirdim ki, Emin müəllim 1-3-5 deyir. Əfqan müəllim soruşdu ki, adamını gətirmisən? Cavab verdim ki, yox, adamım sizsiniz. Əfqan Cəlilov bildirdi ki, ilk öncə Emin Kərimli rəis deyil, rəis əvəzidir. Kimi istəsə işdən çıxara bilməz, ya da təyin edə bilməz. Əfqan müəllimə cavab olaraq bildirdim ki, siz belə deyirsiz, amma işi o idarə edir. 1-3-5 söhbətinə isə reaksiya vermədi (güman ki, 1-3-5 rəqəmləri 1000, 3000, 5000 miqdarını nəzərdə tutur). Bütün şöbələrdən bu məbləğ tələb olunurdu. Verə bilməyənləri işdən uzaqlaşdırırdı, incidirdi. E.Kərimli mənə deyir ki, başını sal aşağı, kef elə. Mən bu poçt şöbəsinə kef etməyə gəlməmişəm ki, işləməyə gəlmişəm.
Məni ləkələmək üçün 78 saylı poçt şöbəsinin işindən şikayət xarakterli məktublar yazdırır. Yəni mənim məktubum gecikdi, göndərişim gecikdi səpgisində yazılar yazdırır ki, məni işdən çıxarmağa əlində əsas olsun. Bunu da "Azərpoçt"da Azər adlı adam araşdırır. Keçən dəfə bu tip şikayət olanda Azər məni çağırıb 500 azn məbləğ istəmişdi ki, sənin şöbəndən şikayət var. Bir var az-az verəsən, bir də var birdəfəlik verəsən. Birdəfəlik məbləğ versən sənin şikayətlərini bağlayacağam, işdən ixtisara düşməyəcəksən. Mən Azər adlı şəxsə bildirəndə ki, mənim buna maddi gücüm çatmır, o cavab verdi ki, məni maraqlandırmır. Bu məbləği versən ixtisara düşməyəcəksən, verməsən ixtisara düşəcəksən. Məni Fərid müəllimlə təhdid etdi. Fərid müəllim işdən çıxdı, amma Azər müəllim indi işləyir, siyahıyla pul yığır.
Azər müəllim hazırda “Azərpoçt”da Monitorinq şöbəsində işləyir. Məndən də məktubların paylanması barədə şikayətlər ortaya çıxanda bildirirdim ki, Azər müəllim məndən pul istəyən zaman bunu verə bilmədiyimə görə işçilərim ixtisara düşdü. İşçi təmin edin məktublar paylansın. Mən o şikayətçilərlə əlaqə saxlayırdım. Onların heç xəbəri yox idi bu şikayətlərdən. Məni tanımaqdıqlarını bildirdilər. Bu şikayətləri də qərəzli şəkildə Azər müəllim, Emin müəllim təşkil edirdilər. E.Kərimli indi bildirir ki, mən sənin yerinə bankdan işçi gətirəcəyəm. Mən 50 ildir poçt sahəsində çalışıram. 78 saylı şöbənin poçtalyonlarını qəsdən ixtisara salırlar ki, şöbə işləyə bilməsin, şöbəni bağlasınlar. İndi mənə əmr gətiriblər ki, poçtalyonlar 22 saylı şöbəyə getsin, mən 65 saylı şöbəyə köçüm. Emin Kərimli poçt fəaliyyətini anlamır. Mənə göstəriş verir ki, iş fəaliyyətimi 65 saylı poçt şöbəsində bir masada davam etdirim. Biz əhaliylə işləyirik. İnsanlara poçtla gələn şeyləri vermək üçün yerimizi dəyişərkən qəbul etdiyimiz pullar və s. masanın üzərində nəzarətsiz qalacaq. Mənə göndərmək üçün tapşırılan pulları necə nəzarətsiz qoya bilərəm? O işin məğzini anlamır, yalnız rüşvət yığmağı bilir. Tələb edir ki, istədiyi rüşvəti maaşından verəsən.
Mən “Azərpoçt”un rəhbərini –Əfqan Cəlilovu və rabitə naziri Rəşad Nəbiyevi qınamıram, onlar işə yeni təyin olunub. Çalışdığımız binaya gəlincə bizim poçt şöbəmiz əvvəldən də elə bu binada yerləşib. Bir müddət əvvəl poçtun binasını satdılar. Binada 32 nəfərin çalışa bildiyi genişlikdə ərazimiz var idi. Əməliyyatçılar, 8 teleqrafçıdan ibarət iş kollektivi var idi. Bu ərazini satılmasında məni ittiham etmək istədilər-guya poçt binasını ata malı kimi satdığıma görə...Mən poçtu təhvil vermədim. Poçt qapılarını açmadım ki, mənsiz poçtun yeri satılıb. Buna görə məni iki dəfə işdən uzaqlaşdırmışdılar. Mən isə baş verənlərin səbəbini tələb etdim. Məni poçtun ərazisinin satmaqda günahlandıranda isə bildirdim ki, bunu etsəydim “Azərpoçt”da baş verən neqativ hallara görə həbs edilənlərin arasında olardım. Rabitə nazirinin müavininə də baş verənləri danışdım və işə bərpa olundum. O zaman bizim şöbəni elə öz binamızda kiçik bir otaqda yerləşdirdilər. Binanın qalan hissəsini isə maşın yumaq üçün yer, qəssab, çörəkbişirən sex, televizor təmiri yeri, meyvə dükanı kimi istifadə üçün icarəyə verdilər. Hazırkı poçt şöbəmizdə nə su, nə ayaqyolu var. Binanın hazırkı sahibi İbrahim adlı adamdır".
Şikayətçi bildirib ki, Emin Kərimlinin dediyinə görə, himayədarı nazir müavini olan qohumudur: "İxtisara düşməmək, işimizi çatdırmaq üçün özüm poçtalyon əvəzinə ünvanlara məktubları çatdırıram. Son dəfə Azər müəllim “xəbərdarlıq” etdi ki, 6 nəfər qalıb. Onların içinə baxılacaq. Yəni 6 nəfər siyahıda adları olan və rüşvət verəməyən poçt şöbələrinin rəislərindən söhbət gedir. E.Kərimli deyir ki, mən “Azərpoçt”u düzəldəcəm, amma o hərəyə bir cür hədə-qorxu gəlir, birinə deyir səni işdən çıxaracam, birinə deyir sənin yerini dəyişəcəm. “Azərpoçt”un müsiri Əfqan Cəlilovun cərəyan edən hadisələrdən xəbəri yoxdur. E.Kərimli öz rüşvətxor əməlləri ilə bir çox müdirləri işindən edib, indi də Əfqan müəllimin “başını yemək istəyir”. Mən bu neqativ hallar barədə Rabitə Nazirliyinə yazmışam. Nə işdən çıxmayacağam, nə poçt şöbəsini təhvil verəcəyəm. Rabitə nazirinə də yazmışam, hətta gedim ki, məni qəbul etsin, amma qəbul etmədi. Çünki əhatəsində olanlar imkan vermirlər ki, nazir baş verən proseslərdən, həqiqətlərdən agah olsun. Emin Kərimli Emin Əfəndiyevi yola saldı, tezliklə Əfqan Cəlilovu da yola salacaq".
P.S. Bu şikayətlərin təmin olunması, araşdırılması həm hüquq mühafizə orqanlarının, həm DTX-nın, başda isə iş bu yerə çatmadan qaranlıq işlərin cərəyan etdiyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, "Azərpoçt"un ilkin vəzifəsidir. Amma üzərinə dövləti yerlə-yeksan edən, onu xərçəng xəstəliyi kimi içəridən gəmirərək çökdürən korrupsiya ləkəsi vurulmuş şəxsin - Emin Kərimlinin “süddən çıxmış ağ qaşıq” kimi boyutları keçərək, əngəlləri aşaraq, alnına vurulmuş qara rüşvət damğasının “par-par” parıldamasına baxmayaraq hansı gücün sayəsində qovulmasının ardınca yenidən işə bərpa edilməsini necə izah edək??? Əcaba nazir əlinin altında işləyən müavinlərindən hansının belə neqativ nifrət obyektlərinə himayədarlıq edərək dövlətin, elə ilk növbədə isə özünün- Rəşad Nəbiyevin iş nüfuzuna zərbə vurduğunun, etimadının yerlə-yeksan edilməsinin fərqindədirmi?
Necə olur ki, bu biabırçı rüşvət həngaməsindən sonra əlində siyahı “poçt şöbələrinin kandarını yağır edən” şəxs işinə bərpa edilir və onun əvvəlkindən daha cəsur, daha aqressiv tərzdə, sanki intiqam üçün qayıdırmış kimi “əsib-gurlamağına”, tabeçiliyində olduğu poçt şöbəsi rəislərinə “hərbə-zorba” gəlməsinə əlverişli mühit yaradılır? Bu dövlətə xəyanət deyilmi? Dövlətin yumruğunun belə korrupsionerlərin başını əzməli olduğu halda, statusundan, nazir müavini imtiyazından istifadə edərək bu şəxslərin “başının sığallanması” dövləti, iqtidarı vətəndaşların gözündən salmaq deyilmi? Bu dövləti əhalisinin, vətəndaşının gözündə başarısız, nüfuzsuz, gücsüz göstərmək deyilmi və dövlətə “arxadan xain zərbə” endirmək deyilmi? Halbuki dövlətin, daha doğrusu dövlətin verdiyi imkanlardan ən çox faydalanan, dövlət strukturlarında “əyləşmiş” imtiyazlıların funksiyası tam fərqlidir... Ayrıca Dövlət orqanı olan poçtun binasının hansı fırıldaq yollarla özəlləşdirilməsi, şəxsi əllərə keçməsi, dövlət poçtunun da yetim kimi “icarəyə, kirayəyə möhtac” edilməsi də geniş araşdırılması gərəkən mövzudur...
Ülviyyə Şükürova, //Hurriyyet.az//
Bu xəbər üçün şərh yazın