“Nazir töhmət alan müəllimdən üzr istəməlidir" - Millət vəkilindən etiraz
Bakıda 165 saylı məktəbdə şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışına görə araşdırılma aparılıb və dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib.
Bu videoya görə müəllimə töhmət verildi - Rəsmi
Bakupost.az xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa şəxsi “Facebook” hesabında mövzu ilə bağlı paylaşım edib:
“Bu nə cəsarətsizlik, bu nə qorxaqlıqdır? Müəllimi belə aşağılamağa, töhmətləməyə kim haqq verib sizlərə? Sosial şəbəkədə yüz şeylər paylaşıla bilər, şagird tərbiyəli davranmırsa, müəllim islah-əmək müəssisəsinin rəhbəri deyil ki? Ayağını qaldırıb, partanın üzərinə qoyub, video çəkdirən şagirdi müəllim bilmirsiz niyə görməyib?
Çünki müəllim normal dərs keçmək əvəzinə hər gün gündəlik səhifələrlə dolu formal sənədləri doldurmalı olur. İcmal, gündəlik, formativ jurnal və başqa tələb olunan mənasız yazılar müəllimi dərsə diqqət yetirməkdən məhrum edib. Nə dərsə hazırlaşmağa vaxtı olur, nə də sinifdə hansısa uşağa qəlbə dəyən söz deməyə”.
Deputat qeyd edib ki, məsələyə görə, müəllimin hüquqlarını qorumağa hazırdır:
“Müəllim uşağa söz deyən kimi dərhal tökülüb gəlirlər ki, uşağın üstünə çığırmısan. Hələ sertifikasiyaya hazırlaşmağı demirəm. Ümumiyyətlə, 45-50 yaşdan yuxarı bütün müəllimlərə aid sertifikat tələbini ləğv etmək lazımdır. Onların 15-20 illik təcrübəsi onsuz da şagirdə bilik verməyə kifayət edər.
Bu qədər gərginliyin altında qalan müəllimə şagirdlərin tərbiyəsiz hərəkətinə görə hələ bir töhmət də verirlər. Mən müəllimi tanımıram. Lakin məhz bu məsələyə görə, onun hüquqlarını qorumağa hazıram”.
F. Mustafanın sözlərinə görə, vurulan mənəvi zərbəyə görə birbaşa təhsil naziri şəxsən özü həmin müəllimdən üzr istəməli və töhməti dərhal ləğv olunmalıdır:
“Müəllimi belə məsələlərə görə, günahkar çıxarmanın tam əleyhinəyəm. Azərbaycanın dəyərli müəllimlərini qorumaq, onlara mənəvi dəstək vermək lazımdır. Şagirdləri bu şəkildə müəllimlərin üzərinə qaldırmaq olmaz. Əlbəttə, pis niyyətli, qaba xarakterli, savadsız müəllimlər də ola bilər. Bu konkret faktlar və davranışlar üzrə dəyərləndirilməlidir. Ancaq həmin videogörüntüdəki şagirdlərin hərəkətinə görə müəllimin cəzalandırılması tamamilə yanlışdır”.
Bu xəbər üçün şərh yazın