Nazir:"DSMF əməkdaşlarının qanunsuz hərəkətləri barədə materiallar hüquq-mühafizə orqanlarına təqdim edilib"

Nazir:"DSMF əməkdaşlarının qanunsuz hərəkətləri barədə materiallar hüquq-mühafizə orqanlarına təqdim edilib" 

“Dövlət Sosial Müdafiə Fondunun (DSMF) bir neçə yerli şöbəsinin əməkdaşlarının qanunsuz hərəkətləri barədə materiallar hüquq-mühafizə orqanlarına təqdim edilib”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Report”a verilən məlumata görə, bunu nazir Sahil Babayev deyib.

S.Babayev bildirib ki, ünvanlı dövlət sosial yardımın təyinatı üzrə son iki ayda aparılan araşdırmalar yardımların təyinatında bir sıra hallarda ünvanlılığın pozulduğunu, yardım üçün müraciətlərlə əlaqədar maddi-məişət müayinələrinin aparılması zamanı qeyri-obyektiv yanaşmalara, nəticədə qeyri-qanuni yardım təyinatlarına yol verildiyini, sosial yardım üçün müraciətlərin bir hissəsinin məhz Nazirlik yanında DSMF yerli şöbələrinin İP ünvanlarından daxil edildiyini və s. aşkara çıxarıb. 

Bu sahədə pozuntuların aradan qaldırılması üçün institusional və inzibati xarakterli ciddi tədbirlər görülür, həmçinin DSMF-nin yerli şöbələrinin bu sahədə ciddi nöqsanlara yol vermiş rəhbərləri və əməkdaşları işdən kənarlaşdırılır. Bir neçə yerli şöbənin əməkdaşlarının qanunsuz hərəkətləri barədə materiallar hüquq mühafizə orqanlarına təqdim edilib. Ümumilikdə, sosial yardım sistemində subyektiv yanaşmaların aradan qaldırılması, sistemin aztəminatlı ailələrə əlçatanlığının tam təmin edilməsi, sosial yardım proqramının özünüməşğulluqla əlaqəli mexanizminin formalaşdırılması üçün qısamüddətli və ortamüddətli dövr üçün müəyyən edilən fəaliyyət istiqamətləri üzrə işlər aparılır.

Nazir sosial sığorta daxilolmaları üzrə büdcə proqnozlarına əməl olunması sahəsində DSMF-nin bir sıra rayon və şəhərlər üzrə göstəricilərinin aşağı olduğunu, bu istiqamətdə ciddi tədbirlərin görülməsini, proqnozların düzgün tərtib olunması və icrası üçün metodologiyanın hazırlanmasını tapşırıb. S.Babayev araşdırmalar nəticəsində pensiya təyinatı sahəsində də ciddi qanunsuzluqların, saxta sənədlər tərtib olunmaqla pensiya təyinatlarının aparılması hallarının aşkar edildiyini, belə hallarla bağlı hüquq-mühafizə orqanlarına məlumat verildiyini deyib. Nazir, ümumilikdə, pensiya təyinatı sisteminin elektronlaşdırılması ilə bu sahədə şəffaflığın tam təmin ediləcəyini qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər