“Nə qədər ki, Şuşanın ətrafındakı kəndlər və Kirs yüksəklikləri azad edilməyib...”

“Nə qədər ki, Şuşanın ətrafındakı kəndlər və Kirs yüksəklikləri azad edilməyib...” - GENERAL UYARDI

“Azərbaycan ordusunun Laçın şəhəri, Zabux və Sus kəndləri, həmçinin bundan bir qədər öncə strateji Sarıbaba, Qırxqız, Buzdux və s. yüksəkliklərinin azad edilməsi dövlətimiz və xalqımız üçün böyük uğurdur.

 Bu münasibətlə xalqımıza və dövlət rəhbərliyinə gözaydınlığı verirəm”.

Bunu Moderator.az-a açıqlamasında sabiq müdafiə naziri Tacəddin Mehdiyev söyləyib.

“Amma hələ düşmənlərimizi zəif sanıb arxayınlaşmaq olmaz. Hələ qarşıda Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və s. yaşayış məntəqələrimizin separatçı-terrorçu ünsürlərin nəzarətindən tam çıxarıb Azərbaycan dövlətinin yurisdiksiyasına keçirilməsi vəzifəsi də dayanır. Həmçinin, mən müəyyən tədbirlərdə yüksək çinli hərbçi və məmurlarla söhbətlərimiz zamanı da deyirəm: hələ Şuşanın da təhlükəsizliyi tam təmin olunmayıb. Düzdür, Şuşa şəhərinin özü ilə yanaşı, Daşaltı kəndinin də azad olunması böyük hərbi-siyasi uğurdur. 


Lakin unutmayaq ki, Şuşa rayonunun 36 kəndi və bir qəsəbəsi hələ də Rusiya “sülhməramlı”ları və dolayısıyla ermənilərin nəzarətindədir. Əgər qanunsuz erməni silahlıları bu şəhər üzərində kiçik olsa da, bir dron uçura bilirsə, deməli, onlar yaxındadır. Odur ki, Şuşa ətrafındakı strateji yaşayış məntəqələri və yüksəkliklər tezliklə Azərbaycan ordusunun birbaşa nəzarətinə və dövlətimizin yurisdiksiyasına keçirilməlidir. 


Söhbət Şuşanın Malıbəyli, Zarıslı, Qaybalı, Malıbəyli, Quşçular və s. kəndləri və Turşsu qəsəbəsi, həmçinin Xankəndinə bitişik Kərkicahan qəsəbəsi, eləcə də Xocalı rayonunun Şuşikənd, Cəmilli, Ballıca kəndləri və s. məntəqələr, eyni zamanda Böyük Kirs, Kiçik Kirs dağ zirvələrindən gedir. Nə qədər ki, həmin məntəqə və yüksəkliklər birbaşa öz əlimizdə deyil, Şuşa şəhərinin tam təhlükəsizliyindən danışmaq olmaz. Odur ki, Şuşanın ətrafı da mütləq erməni silahlılarından tam təmizlənməlidir”-deyə açıqlamasının davamında keçmiş müdafiə naziri vurğulayıb.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi