Neft qiymətləri kəskin dəyişə bilər - İqtisadçı
Son illərdə ilk dəfədir ki, “Brent” və VTİ markalı neftin qiyməti, demək olar ki, bərabərləşib. Belə ki, hər iki növ neft 75-76 dollar koridorundadır.
Bu sözləri iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, ötən illərə baxsaq, hər dəfə belə fenomen baş verəndə neft qiymətləri kəskin dalğalanır:
"Çox güman ki, yaxın günlərdə dünya neft bazarında yenə kəskin qiymət dəyişikliklərini izləyəcəyik.
OPEK və Rusiya danışıqları bu gün davam edəcək. Dünən tərəflər arasında gözlənilən razılaşma əldə olmadı. Səudiyyə və Rusiya hər ay 400 min barrel olmaqla, il sonuna qədər 2 mln. barreldən çox günlük hasilatı artırmağı, yəni daha ehtiyatlı davranmağı, süni yolla qiyməti hələ də yuxarıda saxlamağı təklif edirlər. Amma bir neçə ölkə bunun əleyhinə çıxır. Belə ki, həmin ölkələr hasilatı daha çox artırmağı təklif edirlər. Çünki qiymət sərfəlidir, həm də bazar paylarını artırmağı düşünürlər. Görüşün dünəndən bu günə ertələnməsi onu deməyə əsas verir ki, razılaşma daha çox hasilatı artırmaq yönündə olacaq. Bu isə qiymət koridorunu 10 dollar azalda, neft qiymətlərini 60-70 dollar koridoruna çəkə bilər.
Qərarın 5-ci gün axşama saxlanılması ona görə lazımdır ki, dünya birjaları bağlanandan sonra qərar çıxsın, həmən kəskin dalğalanma yaratmasın, həftənin ilk iş gününə qədər bu qərarla bağlı ajiotaj azalsın. Yeni həftədə birjalar açılanda qiymətlər daha az enmə göstərsin. Bu yanaşma anlaşmanın konservativ olmasında da keçərlidir. Səudiyyə Ərəbistanı və Rusiyanın təklifi qəbul edilsə, dünya neft bazarında kəskin bahalaşma ola bilər. Ona görə də qərar hər bir halda birjalar bağlanandan sonra ya da bağlanmağa yaxın elan ediləcək. Beləliklə, neft qiymətləri ya 60-70 koridoruna, ya da 80 dollardan yuxarı qiymət diapazonuna yerləşəcək. Hər bir halda dalğalanmalar hissedilən olacaq”.
Bu xəbər üçün şərh yazın