Nəriman Nərimanov Naxçıvanı,Qarabağı,eyni zamanda Zaqatala-Balakəni qorudu,indi isə...
Naxçıvanda Nəriman Nərimanovun heykəlinin sökülməsi və sosial şəbəkələrdə Doktor Nərimana qarşı aparılan kampaniyaya ziyalılar da etiraz edir.
Tarixçi alim, dosent Zaur Əliyev Nərimanov haqda mənfi rəy yazanları tarixi, Nərimanovun xidmətlərini bilməməkdə ittiham edib.
“Bəziləri yazır ki, Rəsulzadəni sevən Nərimanovu sevə bilməz. Həm Rəsulzadənin, həm Nərimanovun bu dövlətin tarixində mühüm rolu olub. Nərimanov Cümhuriyyət dövründə bir dəfə də olsun, Rəsulzadəyə qarşı çıxış etməyib, Dağıstanda həkim kimi çalışıb. Bir dəfə də olsun, Rəsulzadə barədə artıq söz deməyib.
Nərimanovun ən böyük səhvi 1 dekabr (2020-ci il) çıxışı olur, amma ondan sonra səhvini düzəltmək üçün çox işlər gördü. Neçə-neçə generalı, neçə-neçə cümhuriyyətçini, neçə-neçə zabiti həbsdən, güllələnmədən xilas elədi: Ana dilini qorudu, Üzeyir bəyi qorudu, Rəsulzadəni ölümün əlindən aldı, 31 mart günü Malakan bağında tutulub güllələnməkdə olan Topçubaşovu qorudu, Mehmandarovu, Şıxlinskini qorudu, Tağıyevi qorudu... və Azərbaycanı qorudu!
Naxçıvanın Azərbaycan ərazisi kimi qalmasında böyük rolu olan Şahtaxtinskini qorudu, Naxçıvanın Ermənistana verilməməsi üçün Leninə söyüş dolu məktub yazdı, Serqo Orconikidzeni, Kirovu, Mikoyanı, Əliheydər Qarayevi neytrallaşdırıb, Naxçıvanın və Qarabağın və eyni zamanda Zaqatala-Balakənin Azərbaycan tərkibində qalmasına nail oldu...
Yüzlərlə belə fakt var!
Adam Naxçıvanın qorunması üçün Atatürkə ordan yüzlərlə məktub yazılmasını təşkil etdi, buna görə də Atatürk “Naxçıvan bir qapıdır” deyib, Moskvada diplomatik qələbə qazandı - bu da Naxçıvanda ona olan hörmət!
Atatürkə “qardaş qardaşa borc verməz” deyib, milyonlarla yardım etdi.
Nə qədər fakt var!
Azərbaycan elminin əjdahaları Firdovsiyyə Əhmədova, Solmaz Tohidi kimi alimlər Nərimanovun fəaliyyətini ağızdan eşitdiklərinə görə yox, minlərlə sənəd oxuyub, müsbət qiymət verirsə, başqalarının dedikləri mənasız bir şeydir.
Nəriman Nərimanov bu xalq üçün tarixi şəxsiyyətdir və onun adını qorumaq lazımdır”, - alim bildirib.
Qeyd edək ki, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı da Nərimanovun Naxçıvanda heykəlinin sökülməsinə etiraz edib, Nərimanovun adının vaxtilə qadağan edildiyini, ona ümummilli lider Heydər Əliyevin abidə qoydurduğunu, Nərimanovun məhz Moskvada zəhərləndiyini xatırladaraq, ona qarşı olanların ermənidən fərqi olmadığını bildirib.
Bu xəbər üçün şərh yazın