"Nüşabə Ələsgərli sındırdığı 2500 manatlıq telefonumu almır"
Xəbər verdiyimiz kimi, əməkdar artist Nüşabə Ələsgərli ilə müğənni Afət Fərmanqızı üz-üzə gəlib.
Sənətçilərin bir-biriləri dalaşmasını tədbirdə iştirak edən stilist Samiraldo telefonu ilə lentə alıb. Bunu görən Nüşabə stilistin telefonunu əlindən alaraq yerə çırpıb. O, Samiraldonun telefonunu sındırdıqdan sonra əsəbi olduğunu və yenisini alacağını deyib. Lakin əməkdar artist sözündə durmayıb. O, stilistə tədbirdən sonra zəng edərək sındırdığı telefonun yenisini almayacağını bildirib.
Məsələ ilə bağlı olaraq stilist Samiraldo açıqlama verib: "Bildiyiniz kimi, məkanların açılışında iştirak edib maddi gəlir əldə edirəm. Ötən gün gözəllik salonlarının birinin açılışında iştirak etdim. Həmin tədbirə bir neçə məşhur simalar da qatılmışdı. Onlar arasında əməkdar artist Nüşabə Ələsgərli və müğənni Afət Fərmanqızı da var idi. Nüşabə xanım Afətin günlərdir bir çox ifaçıların qınadığı "Pencu şeş" mahnısını müzakirə edirdi. O, hətta Fərmanqızına səs tonunu qaldıraraq sözügedən bəstənin sözlərini dəyişməsini inadla bildirirdi. Mən də hər bir tədbirdə etdiyim kimi məkanı lentə alıb, sosial şəbəkədə paylaşırdım. Mən açılışdan görüntüləri lentə alan zaman iki məşhur xanım bir-biriləri ilə söz davasına çıxdı.
Həmin vaxt Nüşabə Ələsgərli Afət Fərmanqızı mübahisəsini çəkməyimə etirazını bildirdi. Mən də ona dedim ki, bütün açılışlarda baş verənləri lentə alıb, sosial şəbəkədə paylaşıram. Çünki məkan sahibləri ilə açılışdan öncə belə danışıb, pul qazanıram. O, bu vaxt əlimdən telefonumu alaraq yerə çırpdı. Əməkdar artist telefonumu sındırdıqdan sonra səhvini başa düşdü və tədbirdə hər kəsin gözü önündə mənə söz verdi ki, yenisini alacaq. Lakin o, dediyi sözə əməl etmədi. Belə ki, əməkdar artist mənə açılışdan sonra zəng edərək bildirdi ki, Afət xanımla davası sosial şəbəkələrdə yayılıb və həmin görüntüləri də mən paylaşmışam. Bunun üçün 2500 manat dəyəri olan telefonumu almayacaq.
Onu da deyim ki, gözəllik salonunun açılışından öncə N.Ələsgərli mənimlə dalaşmağı artıq planlaşdırmışdı. Çünki mən tədbirə gələndə o, A.Fərmanqızına pıçıldayaraq nəsə deyirdi. Afət xanım da ona bərkdən "Samiraldo bu tədbirdə bizdən hörmətli qonaqdır. Çünki onu açılışa pul verib, gətizdiriblər" deyə söylədi".
Əməkdaşımız əməkdar artist Nüşabə Ələsgərli ilə müğənni Afət Fərmanqızının məkan açılışında baş verən davanın yeni görüntülərini əldə edib. Videodan da bəllidir ki, Nüşabə Afətlə davasının Samiraldo tərəfindən çəkilməsinə etiraz edir.
Həmin videonu təqdim edirik:
Bu xəbər üçün şərh yazın