Oğlu nazirlikdən işdən çıxarılan Xalq artistindən SƏRT AÇIQLAMA: - “Uşağı xəstə saldılar...”
Xalq artisti Əbdül Mahmudovun oğlu Babək Mahmudov Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindəki vəzifəsindən azad edilib. Bununla bağlı nazir Sahil Babayev əmr imzalayıb.
Məlumatı dəqiqləşdirmək üçün Xalq artisti ilə əlaqə saxladıq.
Bizim.Media.az-a açıqlamasında o bildirib ki, oğlu 16 il həmin nazirlikdə işləyib:
“Sahil Babayev nazir gələndən sonra nazirlikdə köklü kadr dəyişikliyi apardı. Çox insanı işindən etdi. Mənim də oğlum nazirlikdə sıravi işçi idi. Təzə nazirin vaxtında onun şöbə müdirini də dəyişdilər. Yeni şöbə müdirinin bacısının əri də Sahil Babayevin müavinidir.
Yeni şöbə müdiri gələndən sonra Babəki də sıxışdırmağa başladı. Axırı məsələyə müdaxilə etdim. Şöbə müdiri ilə danışdım. Mənim zəngimdən sonra bir müddət Babəklə işləri olmadı. Sonra oğlum dedi ki, məni daha aşağı işə göndərirlər. Dedim neynəyə bilərik, get... O da getdi.
Getdiyi yerdə də ona dinclik vermədilər. Oğluma müxtəlif təzyiqlər etməyə başladılar. Sağlam uşaq oldu xəstə. Psixologiyası tamam pozulub. Hər gün dərman içir. Bir sözlə, uşağı xəstə saldılar. Axırı bezib işdən çıxmaq üçün ərizə yazdı. Onu da deyim ki, Babəklə bərabər digər iş yoldaşları da kütləvi şəkildə işdən çıxırlar. Çünki iş rejimi, təzyiqlər dözülməz həddə çatıb”.
Bu xəbər üçün şərh yazın