“Ola bilsin, Naxçıvana qarşı hansısa təxribatlar edəcəklər” – Sabiq nazir
Məqsəd bəllidir. Ermənistanın hədəfi hərbi əməliyyatların bərpa olunmasıdır. Bunun səbəbləri də bizə aydındır. Bir neçə gün əvvəl qeyd etmişəm ki, belə təxribat cəhdləri davam edəcək. İndi bunu müşahidə edirik.
Bu fikirləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov cəbhədə baş verən son hadisələri şərh edərkən deyib.
Politoloq diqqəti Azərbaycan Prezidentinin son çıxışına çəkib: "Dövlət başçısı açıq bildirdi ki, danışıqlar prosesi yoxdur, dialoqu Ermənistan məhv edib. Yəni Prezidentin çıxışları bizim mövqeyimizin təkrarı idi, amma yeni bir element də gördük. Prezident qeyd etdi ki, hansısa təmaslar olacaqsa, bu barədə ictimaiyyətə açıq şəkildə məlumat çatdırılacaq. Mən cənab Prezidentin bəyanatına təsadüfən diqqət yetirmirəm. Köhnə taktika var idi, imitasiya üzərində qurulan danışıqlar prosesini nəzərdə tuturam. Artıq bunun üçün heç kimin imkanı olmayacaq”.
Zülfüqarov qeyd edib ki, cəbhədə gərginliyin artması istisna deyil: “Mən demirəm ki, düşmən təxribatları Tovuzda davam edəcək. Pinsipcə başqa məntəqədə də baş verə bilər. Digər yerlərdə də bunun baş verməsi istisna edilmir. Ola bilsin, Naxçıvana qarşı hansısa təxribatlar edəcəklər. Düşmənin məqsədi bu və ya digər yollarla Rusiyanın Ermənistana münasibətini sınaqdan keçirməkdir. Türkiyənin Naxçıvanın təhlükəsizliyinin təminatçısı olduğuna dair mövqeyindən sonra düşmən çalışacaq ki, bu bölgədən hansısa addımlar ataraq Rusiya-Türkiyə qarşıdurmasını təşkil etsin. Artıq Azərbaycan açıq formada bildirib ki, düşmənin hər bir təxribatına qarşı sarsıdıcı zərbələr endiriləcək. Burada yeni bir şey icad etmək lazım deyil. Ötən günlərdə cənab Prezident təsadüfən deməyib ki, düşmənin harada qoşunlar topladığını, nəyə hazırlaşdığından xəbərimiz var. Faktiki xəbərdarlıq etdi. Ermənilərin məqsədi gizli deyil”./Teleqraf.com
Bu xəbər üçün şərh yazın