ÖLKƏDƏ QİYMƏTLƏRİ İNHİSARÇILAR DİQTƏ EDİR

ÖLKƏDƏ QİYMƏTLƏRİ İNHİSARÇILAR DİQTƏ EDİR - Gömrük Komitəsinin sədrindən ŞOK etiraf

Ətraf ölkələrlə malların qiymətinin kəskin ucuzlaşdığı şəraitdə Azərbaycan daxili istehsalçıları qorumaq məqsədilə bəzi mallar üçün gömrük ödənişlərini artırıb.

Fed.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib. Onun sözlərinə görə, söhbət bütün ölkələrdən, o cümlədən qonşu Türkiyə və İrandan gedir: «Həmin ölkələrdə malların qiymətinin aşağı düşməsi və bu prosesin daxili bazara təsirini azaltmaq məqsədilə komitənin risklərin idarə etmə mərkəzi prosesi izləyir və lazım qərarlar verilir».

Gömrük sədri buna misal olaraq bildirib ki, daxili bazarı qorumaq üçün İrandan gətirilən armatura gömrük ödənişləri kəskin artırılıb: «Məsələn İranda artaturun qiyməti 200 dollardır, amma biz onu 500 dollara bəyan edirik, yəni 300 dollar artırmışıq. Söhbət rüsumdan deyil, malın dəyərinin artırılmasından gedir».

Komitə sədri bildirib ki, bu addımlar ölkənin yeganə armatur istehsalçısı olan «Baku Steel Company»nin qorunmasına yönəlib: «Biz onlarla danışdıq ki, qiymət nə qədər qaldırsaq sizi qoruyar, sonra isə qərar verildi».

DGK sədrinin sözlərinə görə, oxşar addımlar ölkəyə toyuq əti və kartof idxalında da atılıb: «Biz daxili kartof istehsalçılarını qorumaq üçün bəlkə də dünyada ilk dəfə olaraq kartofa mövsümi rüsumlar tətbiq etdik. Bunun da nəticələri müsbət oldu».

“AzPolitika.info” qeyd edir ki, Gömrük Komitəsinin sədrinin bu fikirləri ölkədə qiymətləri inhisarçıların diqtə etməsinin rəsmən etirafı sayıla bilər. Ölkədə yeganə armatur istehsalçısı “Baku Steel Company» olduğundan, məhsulunu daxili bazarda istədiyi qiymətə satır.  Gömrükdə xaricdən idxal olunan armatura onların tələb etdiyi qiymətdən rüsum hesablandığından, ölkəyə daha ucuz məhsul gətirilməsi mümkün olmur. Bunun adı inhisar deyil, nədir?

DGK sədrinin sözlərindən belə məlum olur ki,  oxşar addımlar digər məhsullarla bağlı da atılır. Ölkədə bir çox sahələr oliqarx nazirlərin nəzarətində olduğu məlumdur.  Azərbaycana xaricdən gətirilən məhsullara onların istədiyi qiymətin tətbiq edilməsi daxili bazarın inhisarçıların nəzrətinə verilməsi deməkdir. 

Əlbəttə, daxili bazarın qorunması üçün müəyyən addımların atılması vacibdir. Ancaq bunun ölkə vətəndaşlarının daha ucuz qiymətə daha keyfiyyətli məhsul almaq imkanlarından məhrum etməklə həyata keçirilməsi doğru qərar hesab edilə bilməz. Bu cür qərarlar inhisarçıların maraqlarına xidmət edərək, ölkədə bahalaşmaya səbəb olur.  İnhisarçlar gömrük vasitəsilə Azərbaycana gətirilən məhsuların quiymətini artıraraq əhalini soyurlar.

95afa172efc113d39ffb42d790bd7f2b-300x210

Qeyd edək ki,  Azərbaycanda fəaliyyətinə imkan verilmədiyi üçün İranda armatur istehsalı ilə məşğul olmağa başlayan keçmiş deputat, iş adamı Nazim Bəydəmirli də bir müdət əvvəl bu barədə məumat vermişdi.  O bildirmişdi ki, “Baku Steel” şirkəti olkə daxilində özünün keyfiyyəti daha aşağı olan məhsulunu baha qiymətə satmaq üçün xaricdən Azərbaycana keyfiyyətli və ucuz məhsul daxil olmasına imkan vermir: “Monopoliya imkan vermir ki, Azərbaycana İrandan daha keyfiyyətli, daha ucuz armatur, katanka idxal olunsun. Təsəvvür edin ki, “Baku Steel” deyilən şirkət “metallom”dan hazırlanan malını daxili bazara 780 dollar ekvivalentində manata satır. İranın dəmir filizindən istehsal olunan malını biz Gürcüstan bazarına yol xərci daxil 385 dollara satırıq. O da ƏDV-sini ödəyib inşaata başlayanda maya dəyəri 454 dollara başa gəlir. Həm də keyfiyyətli mal… Aradakı 326 dollar fərq Gürcüstanda evləri ucuz edir, Bakıda isə bahalaşdırır. Baxın, Azərbaycanda bahalığın daha bir səbəbinə…”.

N.Bəydəmirli daha sonra qeyd edib ki, xaricdən Azərbaycana hətta gömrük rüsumunu ödəməklə armatur buraxılarsa, bazarda “Baku Steel”-in malından daha ucuz qiymətə satılar: “Bizdə Gürcüstandan fərqli olaraq “monopolistə” xidmət etmək üçün 15%-lik idxal gömrük rüsumu da var. Hətta onu da alıcı ödəmiş olsa, hal-hazırda Azərbaycan bazarına daha keyfiyyətli və “Baku Steel”-in malından 250 dollar ucuz mal idxal etmək olar. Ancaq imkan verilmir!”.

Xatırladaq ki, bu yaxınlarda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycanda inhisarçılıq olmadığını bildirmişdi.  Hətta komitə sədri inhisarçılığın bir faizini göstərən olacağı təqdirdə istefaya gedəcəyini bəyan etmişdi.

Ekspertlər isə Azərbaycanda inhisarçılığın yeni növünün tətbiq edildiyini bildirmişdilər. Bu haqda saytımızda geniş yazı dərc edildiyindən təkrarlamaq istəmirik. Ancaq Səfər Mehdiyevin yuxarıdakı sözləri ekspertlərin fikirlərinin təsdiqi sayıla bilər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər