“Onlar şərəfli, ləyaqətli insan axtarmırlar,formal qurumlar yaradırlar...” – Ekspertdən sərt açıqlama
Xəbər verdiyimiz kimi, Təhsil naziri Ceyhun Bayramov Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması haqqında əmr imzalayıb. İctimai Şuranın yaradılması Təhsil Nazirliyinin fəaliyyətində şəffaflığın daha da artırılması, təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etmək məqsədi daşıyır.
Şuranın üzvü seçilmək üçün bir sıra tələblər və sənədlər siyahısı var. Bu siyahıya münasibət bildirən şəxslər həddindən artıq tələb qoyulduğunu və hətta DTX-ya qəbul olmaq üçün bu qədər sənəd siyahısının tələb olunmadığını qeyd edərək tənqid ediblər.
Məsələ ilə bağlı təhsil üzrə ekspert Nabatəli Qulamoğlu Yeni Sabah.az-a açıqlamasında bu kimi şuraların heç bir problemi həll etmədiyini bildirib. O, qeyd edib ki, artıq ictimai şuraları da başqa qurumlar kimi formal qurumlara çeviriblər.
“Ümumi mənada ictimai şuralar haqqında və ictimai şuraların yaranması haqqında məsələnin tarixinə nəzər salaq. Bunu ilk dəfə təşkil edən QHT nümayəndələri olub. Məqsəd isə məmur özbaşınalığından yaxa qutarmaq üçün ictimai nəzarəti gücləndirmək olub.
Mən özüm də dövlət İmtahan Mərkəzində İctimai Şuranın üzvüyəm. Nəzər yetirsək görərik ki, DİM digər qurumlara nisbətən daha şəffaf və açıqdır. Əlbəttə tam demək olmaz, onların da görülməyən tərəfləri var.
Biz bir çox hadisəyə baxmışıq, nəzarət etmişik, bizi hətta buraxılış imtahanlarına buraxıblar, imtahanın necə getməsi ilə tanış ediblər. Amma biz monitorinq prosesini aparmaq iqtidarında deyilik. Hətta yalançı apelyasiyalar da təşkil olunur, biz orda iştirak etmişik amma bu apellyasiyalar təmin olunmayıb. Bir növ bu apelyasiyalar da demonstrasiyadır, nümayiş etdirməkdir ki, guya bunlar açıq, şəffafdırlar.
Mən Dövlət İmtahan Mərkəzini nə üçün misal gətirdim, çünki ən mükəmməl sayıla bilən institut Azərbaycanda bu müəssisədir. Lakin burda da yenə tam şəffaflıq təmin olunmayıb. Bilirik ki, eyni zmanda polis idarələrində də ictimai şuralar vardır. Bu ictimai şuralar tam fəaliyyətsizdir. Əgər fəaliyyət varsa, nə üçün bu polis idarələrində qanunsuzluq, özbaşınalıq baş alıb gedir?
Bu ona görə belədir ki, bu şuralar Azərbaycan hökuməti üçün yalnız dekorasiya vəzifəsini daşıyır və bu dekarosiyanı Təhsil Nazirliyi keçirməyə gecikib. Mən güman etmirəm ki, bu ictimai şuranın üzvü olmaq üçün şərəfli, ləyaqətli insanlar axtarırlar. Onlar çox gözəl bilirlər, kimdir əxlaqlı, vicdanlı adam, kim sözü düz deyə bilir, kim axına qarşı gedə bilir. Orda sadəcə prosedur kimi yazıblar ki, kim üzv ola bilər. Mən şəxsən öz əxlaqına bələd olan adam kimi bu ictimai şuranın üzvü olmağa layiqəm, amma müraciət etmərəm”.
Ekspert bu şuraya üzv olmaq istəməmək səbəbini belə izah edib: “Bilirsiz niyə? Ona görə ki, mən nə üçün gedib tercümeyi-hal yazmalıyam? Mənim nə ehtiyacım var ki, sənədlər toplayım? Yəni burda maddi marağım da yoxdur.
Əgər bilsəm ki, məni bütün məsələlərin həllində nəzarətə buraxacaqlar, onda bu əziyyətlərə dözüb bu sənədləri hazırlayaram. Amma bilirəm ki, bu da formaldır, cəmiyyətin gözünə kül üfürməkdən başqa heç nə deyil. Hər yerdə, hər sahədə ən yaxşı ictimai şura, ən yaxşı ictimai nəzarət müstəqil ekspertiza qrupunun yaradılmasıdır və müstəqil ekspertiza qrupları dövlətin bütün işlərinə nəzarət edə bilir, bütün işlərdə monitorinqlər keçirə bilir. Bu nöqteyi-nəzərdən mən ictimai şuraların fəaliyyətindən müsbət heç nə gözləmirəm. O cümlədən, Təhsil Nazirliyinin yanında yaranacaq ictmai şuranın nəzarətindən”.
Bu xəbər üçün şərh yazın