“Orbanla onun anladığı dildə danışa bilərik...”

“Orbanla onun anladığı dildə danışa bilərik...” – Ukraynadan Macarıstana təhdid

Məlum olduğu kimi, Rusiyanın Ukraynaya qarşı işğalı başlayan gündən etibarən Avropada ən çox Kremlin “əlinə oynayan” ölkə rəhbərlərindən biri Macarıstanın Baş naziri Viktor Orbandır.

 Ukrayna ilə sərhədi olan bu dövlətin başçısı öz ərazisindən Ukraynaya hərbi yardım keçirilməsinə qadağa qoyulması da daxil olmaqla, Kiyevin Rusiya işğalına qarşı mübarizəsində əhəmiyyətli yer alan bir çox prosesləri əngəlləməsilə seçilib.

Macarıstan həmçinin, Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etmək istədiyi bütün sanksiyalara müxalif mövqe tutub. Putinlə yaxın münasibətilə seçilən və az qala Moskvanın adamı kimi tanınan Orban indi də Avropa İttifaqının Rusiyaya qarşı 6-cı sanksiya paketini əngəlləməklə məşğuldur. Orban bu mövqeyini Macarıstanın Rusiya neftindən asılılığı ilə əsaslandırır. Avropa İttifaqı bu ölkənin tələbatını ödəmək istiqamətində tədbirlər görüləcəyini, bunun üçün külli miqdarda vəsait ayıracağını bildirsə də, Orban hökuməti hələ ki, geri çəkilmir və bir yandan prosesi tormozlayaraq, Rusiyanın maraqlarına xidmət edir, digər yandan isə Avropadan daha çox vəsait qoparmağa çalışır.


Yaranmış bu vəziyyət getdikcə rəsmi Kiyevin səbrini daşırır. Belə ki, Ukrayna hökuməti bəzi məmurlarının dililə Macarıstana xəbərdarlıq etməyə başlayıb. Ukraynanın Energetika nazirinin müşaviri Yelena Zerkal deyib ki, ölkəsinin Macarıstana təsir edəcək rıçaqları var: “Onların işdahası günbəgün artır. Hesab edirlər ki, onlar üçün “ulduz saatı” çatıb və Avropanın birliyinin pozulmaması xatirinə nə istəsələr, tələb edə bilərlər. Ancaq Ukraynanın əlində çox gözəl rıçaq var. Bu, “Dostluq” neft kəməridir. Bu kəmərdən Macarıstana ayrıca xətt gedir. Həmin xətdə nəsə baş verə bilər... Məncə, həmin kəmərdə nəsə baş verməsi doğrudan da yerinə düşər. Ancaq hər şey Prezidentin və hökumətin əlindədir – Orbanla onun anladığı dildə danışmaq istəyirikmi, yoxsa hələ buna hazır deyilik...”

Qeyd edək ki, söhbət Rusiyadan gələn və Ukrayna ərazisindən keçən neft boru xəttindən gedir. Zerkal hesab edir ki, Ukrayna həmin xətti bağlamaqla Macarıstan rəhbərliyini Rusiyaya qarşı sanksiyaları əngəlləmək siyasətindən əl çəkməyə vadar edə bilər./Azpolitika.info












Birinci məlumatlanmaq üçün facebook səhifəmizi