Ötən il 13 min Azərbaycan vətəndaşı Türkiyədən oturum alıb – Əmlak alanların sayı da artıb
AzPolitika.info saytının Azadlıq”radiosuna istinadən verdiyi xəbərə görə, rəsmi göstəricilərdən aydın olur ki, Türkiyədə yaşayan əcnəbi sayı artmaqdadır. Özəlliklə 2005-ci ildən bəri xaricdən gəlib Türkiyədə yaşamağa başlayanlar sayca çoxalıb. Həmin vaxtdan indiyədək Türkiyədəki əcnəbi sayında altı dəfədən çox artım qeydə alınıb. Bu müddət ərzində yalnız pandemiya ilə bağlı 2020-ci ildə - sərt məhdudiyyətlərin olduğu bir zamanda öncəki illə müqayisədə azalma gözə çarpmışdı. 2020-ci ildə Türkiyədə rəsmi oturum izniylə yaşayan əcnəbilərin sayı 250 min nəfərə yaxın azalaraq 887 minə yaxınlaşmışdı.
Miqrasiya qurumunun son bilgilərinə görə, ölkədə indi 1 milyon 353 min əcnəbi rəsmi yaşayış icazəsiylə yaşamaqdadır. Bu şəxslərin 704 min nəfəri, yəni yarısından çoxu (52 faizi) İstanbulda yaşayır. Türkiyədə rəsmi yaşayış icazəsi olan əcnəbilərin ən çox yaşadığı digər şəhərlərsə Antalya, Ankara, Bursa və Mersindir.
Suriyadakı savaşdan bəri Türkiyəyə gələn Suriya vətəndaşları qaçqın statusunda olduğundan bu saya daxil deyil. Hazırda Türkiyədə qaçqın statusuyla yaşayan suriyalıların sayı təxminən 3 milyon 737 min nəfərdir. Bu o deməkdir ki, ölkədə, ən azı, 5 milyondan çox xarici vətəndaş yaşayır.
Türkiyədə məskunlaşan əcnəbilər arasında ilk yerlərdən birini Azərbaycan vətəndaşları tutur. Rəsmi bilgilərə görə, indi Türkiyədə 69 min 48 nəfər Azərbaycan vətəndaşının rəsmi yaşayış icazəsi var. 2020-ci ilin sonunda bu göstərici toplam 56 min nəfər idi. Deməli, ötən il ərzində Türkiyədə oturum izni alan Azərbaycan vətəndaşlarının sayı daha 13 min nəfər artıb. Azərbaycanda dolanışığın pisləşməyə başladığı və devalvasiyaların baş verdiyi 2015-ci ildə bu göstərici 32 min nəfər idi. Belə çıxır ki, devalvasiyadan bəri Türkiyədə rəsmi yaşayış icazəsiylə məskunlaşan Azərbaycan vətəndaşlarının sayı iki dəfədən çox artıb.
Azərbaycanlılar Türkiyədə ailələrə verilən yaşayış icazələri alanlar arasında da liderdir. Bu tip rəsmi yaşayış icazələri Türkiyə vətəndaşları ilə ailə həyatı quran əcnəbilərə və Türkiyədə rəsmi yaşayış icazəsi olan xarici vətəndaşlarla evlənən şəxslərə verilir. Hazırda Türkiyədə 90 minə yaxın bu tip yaşayış icazəsi verilib ki, bu icazələrin 12 min 385-i Azərbaycan vətəndaşlarına məxsusdur. Siyahıda sonrakı yerləri Özbəkistan (6 min 986), Rusiya (6 min 716), Ukrayna (6 min 281) və Mərakeş (4 min 933) vətəndaşları tutur.
Ötən il Türkiyədə daşınmaz əmlak satın alan azərbaycanlıların da sayı artıb. Türkiyə qurumlarının açıqladığı rəsmi rəqəmlərə görə, 2021-ci ildə Azərbaycan vətəndaşları Türkiyədən 1 min 517 daşınmaz əmlak alıb. Bu rəqəm 2020-ci illə müqayisədə 238 ədəd və ya 18.6 faiz çoxdur. Əcnəbilər il ərzində Türkiyədən toplam 59 min 282 daşınmaz əmlak alıb. Ötən il bu baxımdan İran vətəndaşları önə çıxıb (10 min 56 ev). Növbəti yerləri İraq (8 min 661) və Rusiya (5 min 379) tutur. Azərbaycan siyahıda 8-ci yerdə qərarlaşıb.
Bu xəbər üçün şərh yazın