Pərvin Kazımzadəyə qarşı narazılıq artır...
9 fevral yaxınlaşdıqca, həyəcan artır və illərlə ”lal deputat” statusu alanlar xalqın içinə qarışırlar. Lakin bəzi deputatlığa namizədlər indi də sadəcə, icra hakimiyyətinin münasib gördüyü yerlərdə, vitrinə çıxıb, sonra “yoxa çıxırlar”.
Secki.net xəbər verir ki, bunlardan biri də Gəncənin 37 saylı Nizami I seçki dairəsinin YAP-ın namizədi Pərvin Kazımzadədir. Bu dairənin seçiciləri indi də deputatını axtarır.
Onlar xahiş edirlər ki, yenidən o dairədən namizəd olmuş Kazımzadə haqqında informasiya verək. Biz də internetdə kiçik ekskursiya edirik və məlum olur ki, Gəncənin xanım deputatı Kərimzadə Pərvin Orxan qızıdır.
P.Kərimzadəni nə Gəncədəki seçiciləri, nə parlament müxbirləri, nə ictimaiyyət tanıyır. Hətta həmkarları arasında xeyli sayda deputat var ki, Pərvin xanımın millət vəkili olmasından bixəbərdir.
Buna səbəb də özüdür. Xanım deputatın parlamentdə fəallığını görən olmayıb. Onun indiyə qədər hər hansı çıxışı xatırlanmır ki, pasportu kimi təqdim olunsun.
İnternetdə seçki ərəfəsində vətəndaşlarla “görüş”ü barədə xəbərdən başqa informasiya tapmaq olmur.
Bu səbəbdən də, Gəncə sakinləri hazırki deputatlığa namizədin illərdən bəri varlığını hiss etmirlər.
Ötən parlamentdə Qənirə Paşayeva, Bahar Muradova, Məlahət İbrahimqızı, Elmira Axundova kifayət qədər fəal millət vəkilləri olublar. Onların Milli Məclisin iclaslarında çıxışları, təklifləri, müxtəlif hadisələrə münasibətini görmək olar.
Həmçinin, mediaya açıq və tez-tez müsahibələr verən xanım millət vəkilləridir. Amma P.Kazımzadənin nə səsini eşidən olub, nə mətbuatda çıxışını görən olub.
Pərvin Kazımzadənin Azərbaycan prezidentinin başlatdığı islahat dalğasına bəlkə də ən böyük dəstəyi məhz namizədliyini geri götürməsi olardı. Seçiciləri də haqlı olaraq, sual verirlər ki, ötən beş ildə nə etdin ki, indi yenidən sənə səs verək?
Bu xəbər üçün şərh yazın