Polis əməliyyatlar keçirib -

Polis əməliyyatlar keçirib - 22 nəfər saxlanılıb, 40 kq narkotik götürülüb (VİDEO)

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında paytaxtın paytaxt ərazisində həyata keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş Azər Qasımov saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Onun üzərindən və yaşadığı evdən ümumilikdə 12 kiloqram narkotik vasitə, o cümlədən 10 kiloqram heroin, 2 kiloqram metamfetamin və elektron tərəzi aşkar edilib.

Həyata keçirilən digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Ricad Babayev və tanışı Samir Təhməzov saxlanılıblar. Onların üzərindən və istifadə etdikləri avtomobildən nar kisələrində qablaşdırılan 9 kiloqram heroin və metamfetamin, 580 ədəd metadon, eləcə də preqabalin həbi aşkar edilib.

Daha bir əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Ceyhun Cəfərzadə saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 10 kiloqram heroin, metamfetamin, marixuana, tiryək və elektron tərəzi aşkar edilib.

Növbəti əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Röyal İsgəndərov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 3 kiloqram heroin, tiryək, metamfetamin aşkar edilərək götürülüb.

Adları sadalanan 5 nəfərin hər biri ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə göndərilən narkotik vasitələri qəbul edərək satmaq məqsədi ilə paytaxt ərazisinə gətiriblər.

Baş İdarə əməkdaşlarının Bakı şəhəri və Abşeron rayonunda keçirdikləri növbəti əməliyyatlar zamanı narkotik vasitələrin satışı ilə məşğul olan daha 11 nəfər saxlanılıb. Bu şəxslərdən 5 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, narkotiklərin onlayn satışı zamanı istifadə etdikləri plastik kartlar, ekstazi və metadon həbləri aşkar edilib.

Baş İdarənin Cənub və Qərb Bölgələrində Regional Şöbələrinin əməkdaşlarının Gəncə şəhəri, Yevlax, Cəlilabad və Masallı rayonlarında həyata keçirilən əməliyyatlar zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 6 nəfər saxlanılıb. Bu şəxslərdən 2 kiloqram müxtəlif növ narkotik maddə, elektron tərəzilər və satış zamanı istifadə etdikləri bank kartları aşkar olunub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Baş İdarə əməkdaşları tərəfindən son 7 gün ərzində keçirilən sonuncu əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən şəbəkəyə daxil olan 22 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 40 kiloqram narkotik maddə və 1258 ədəd psixotrop tərkibli həblər çıxarılıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi