Prezident İlham Əliyev:

Prezident İlham Əliyev: “Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm”

Dövlət başçımız cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz siyasi sabitlik, iqtisadi inkişaf və yüksək beynəlxalq nüfuz qazanmışdır.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bütün başlanğıcların uğurla inkişaf etdirildiyi üçün dövlətimiz gündən-günə inkişaf etməkdədir. Müstəqil Azərbaycan dövləti əldə etdiyi siyasi sabitlik, iqtisadi güc, hərbi qüdrət və ən əsası xalqının, ordusunun ətrafında dəmir bir yumuruq kimi birləşdiyi Ali Baş Komandanı sayəsində böyük Zəfər yaşamağı bacardı. Bu Zəfər nəticəsində 30 ilə yaxın işğal altında saxlanılan, doğma sakinlərinin didərgin salındığı torpaqlarımız erməni işğalçılarından xilas edildi. Şəhidlərimizin qanı döyüş meydanında alındı.

Artıq öz ərazi bütövlüyünü təmin etmiş Azərbaycan dövləti postmüharibə dövründə də yaranmış yeni reallıqlara uyğun təşəbbüslərlə çıxış edir, uğurlu xarici siyasət həyata keçirir. Hər zaman olduğu kimi, dövlətimiz hadisələrin gedişinə real yanaşır və ədalətli mövqe sərgiləyir. Torpaqlarımızın işğaldan azad edilməsindən bir il müddət ötüb. Rusiya sülhməramlılarının ötən bir illik fəaliyyəti bəzi xırda insidentlər istisna olmaqla ümumən qənaətbəxşdir. Həllini gözləyən müəyyən məsələlər qalmaqdadır. Xüsusən də, hazırda Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərimizə səfər etmək üçün Azərbaycandan icazə almalı olan əcnəbilər məsələsi var. Qarabağa səfər edən dırnaqarası turistlərin sayı kəskin şəkildə azalsa da, bəzi əcnəbilər hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar. Bu məsələ Rusiyanın səlahiyyətli orqanlarının, Müdafiə Nazirliyinin diqqətinə çatdırılıb ki, buna son qoyulsun. Bu və bəzi digər məsələlər öz həllini tapmalıdır.

Dövlət tərəfindən azad edilmiş ərazilərlə bağlı xüsusi investisiya proqramı qəbul edilib. Cari il üçün nəzərdə tutulmuş məbləğ təqribən 1,3 milyard ABŞ dolları təşkil edir. Sərmayə qoyuluşu əsasən infrastruktur layihələrinədir. Bu ilin sonunadək sahəsi 10 min kvadratkilometrə bərabər olan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təminatı tam başa çatacaq. Avtomobil və dəmir yolları inşa edilir. Azad olunmuş ərazilərdə, Füzulidə yerləşən yeni hava limanı hazırdır. Artıq o, ilk təyyarələri qəbul edib. Daha iki hava limanının inşası davam edir. Yaşayış binalarının tikintisi layihələri hazırlanır. İki şəhərin Baş planı təsdiq edilib və işlərə start verilib.Prezident cənab İlham Əliyevin sözləri ilə desək, planımız keçmiş məcburi köçkünlərin doğma evlərinə ən qısa zamanda qaytarılmasıdır.

Hazırda Füzuli rayonunda geniş miqyaslı tikinti-quruculuq işləri davam etməkdədir. Müasir standartlara cavab verən yol-nəqliyyat infrastrukturu qurulur. Böyük strateji əhəmiyyət daşıyan Horadadiz-Ağbənd dəmir yolunun çəkilişi uğurla davam edir. Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rayonumuza səfərlər etməsi, mühüm obyektlərin təməlqoymasının reallaşması, görülən işlərin sürəti və miqyası qəti əminlik yaradır ki, tezliklə Qarabağımız, Füzulimiz cənnətə çevriləcəkdir.

Azərbaycan aparılan genişmiqyaslı işlərə, Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edib. İtaliyanın bərpa-quruculuq işlərinə cəlb edilən ilk ölkələrdən olması da təsadüfi deyil. Bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak edir. Artıq bir italyan şirkəti ilə bir bölgənin enerji təminatı məsələsi ilə bağlı müqavilə imzalanıb. Bundan əlavə, digər italyan şirkəti kənd təsərrüfatı məhsullarının istehsalına sərmayə yatırmağa başlayıb. Beləliklə, italyan şirkətlərinin Azərbaycanda fəaliyyəti alqışlanılır və bu yenidənqurma işlərində daha çox italyan şirkətləri olacaq.

Azərbaycan əsasən diqqətini Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan Trans-Adriatik boru xəttinin başa çatdırılmasına yönəldib. Ötən ilin sonuncu günü – dekabrın 31-də ilk qaz Avropaya nəql edilməyə başlandı və İtaliya artıq Azərbaycandan qaz qəbul etməyə başladı. Cənub Qaz Dəhlizi İtaliya bazarını 8 milyard kubmetr və hətta bundan da artıq həcmdə qazla təmin edəcək. İndi isə biz gələcəyə baxmalıyıq, çünki biz yeni qaz yataqları kəşf etmişik. Bununla yanaşı, mövcud yataqlardan da daha çox qaz hasil etməyi planlaşdırırıq. Həmçinin xarici investorlarla bərabər yenilənən enerji mənbələrinə böyük sərmayə qoyuruq.

Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir.Ölkənin xarici siyasəti tamamilə hər hansı xarici hökmranlıqdan azaddır və praqmatik xarakter daşıyır. Ölkənin mövqeyi məhz bu prinsiplər əsasında formalaşdırılır. Heç bir ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz. Qərarlar Bakıda Azərbaycanın milli maraqları əsasında ölkənin Prezidenti tərəfindən verilir. Əgər kimsə süni bəhanədən istifadə etməyə çalışaraq Azərbaycanı digər ölkə ilə münasibətlərinin olmasında günahlandırıbsa, bu cəhdlər boş çıxıb. Bu, düzgün yol deyil və gətirib dalana çıxaracaq.

Azərbaycanın xarici siyasətinin prioriteti qonşu ölkələrlə münasibətlərdir. Əvvəlki İran hökuməti ilə münasibətlər ən yüksək səviyyəyə qədər qaldırılmışdır. Ölkə rəhbərlərinin ondan artıq görüşü təşkil olunmuşdur. Bütün həmin görüşlər məhsuldar olub. Enerji, nəqliyyat, mədəni inkişaf, təhlükəsizlik sahələrində bir çox sazişlərimzalanmışdır. Münasibətlərimiz dostluq və yaxşı qonşuluq rəmzinə çevrilmişdir. Azərbaycan İran hökumətini ittiham etmək mövqeyində deyildi. Azərbaycan öz mesajını növbəti sözlərlə ifadə edib: “Xahiş edirik Qarabağda İran biznesmenləri tərəfindən aparılan qeyri-qanuni biznes fəaliyyətinə diqqət yetirin”. Biz İran hökumətini ittiham etmək mövqeyində deyildik, bizə məlumdur ki, bunu bəzi özəl şirkətlər edir. İsrailin azad olunmuş torpaqlara gətirilməsi ilə bağlı Azərbaycana yönələn bütün ittihamları Azərbaycan rədd edir. Bu, sadəcə, Azərbaycanı qaralamaq məqsədilə daxili auditoriyaya yönəlmiş bəhanədir.

Hazırkı durumda ölkəmizin əldə etdiyi uğurları və Azərbaycanın artan nüfuzunu qəbul etməyən qüvvələr mövcuddur və onlar informasiya təxribatları törətməkdədirlər. Çünki, siyasi konyunkturadan asılı olaraq Qərbdə bəzi qüvvələr vaxtaşırı Azərbaycanı gözdən salmaq, onun mövqeyini zəiflətmək üçün müxtəlif iftiralardan və böhtanlardan istifadə etməyə çalışır. İkinci Qarabağ müharibəsində Qələbə bir çoxları üçün sürpriz oldu. Bu, onların xoşuna gəlmədi. Onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirlər. İndi isə bir halda ki, Azərbaycan bunu özü etdi və Ermənistanı məğlub etdi, Ermənistana sıx bağlılığı olan Qərbdəki həmin dairələr yenə böyük fəallığa keçiblər. Bunlar gözlənilən hallardır, biz bilirdik ki, Azərbaycana qarşı yeni qarayaxma kampaniyası planlaşdırılır. Amma bütün çirkin hekayələrin Azərbaycan xalqı üçün heç bir mənası yoxdur.

Bundan əvvəl uğurlu sahibkar olan Prezident İlham Əliyev fəaliyyəti ilə əlaqədar biznesdə öz birbaşa iştirakını dayandırmış və biznesini öz ailəsinə ötürmüşdür. Ailəyə məxsus olan bütün biznes fəaliyyəti şəffafdır və beynəlxalq səviyyədə auditdən keçir və heç kəs burada bir şeyin səhv olması iddiası ilə çıxış edə bilməz.Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Fond Qarabağda aparılan bir çox işlərdə iştirak edir. Məsələn, Ağdamda, Şuşada və Zəngilanda bütün məscidlərin bərpasına sərmayə yatırır. Bu işlər Fondun pulu hesabına maliyyələşdirilir. Beş mindən çox qaçqın ailəsi üçün evlər tikilib. Əlbəttə ki, bunlar Qərbdə bəzi insanların xoşuna gəlmir. Onlar bizi ittiham etmək istəyirlər. İstəyirlər ki, biz onlara tabe olaq və iradələrinə tabe etsinlər.

Azərbaycanın Qələbəsini həzm edə bilməyən qüvvələr bilməlidirlər ki, Azərbaycan öz taleyinin və torpağının sahibi olan müstəqil bir dövlətdir. Bu gün Azərbaycan xalqı öz Prezidentini sevir, Müzəffər Ali Baş Komandanı ilə fəxr edir, hər zaman öz dövləti və ordusu ilə bir yumruq kimi birləşməyə hazırdır. Çünki, biz birlikdə güclüyük!.

Hacıyeva Lalə Mahir 

Səfərov adına Horadiz şəhər 1№ li tam orta məktəbin direktor əvəzi

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi