PREZİDENT İLHAM ƏLİYEV PAŞİNYANLA PANELDƏ: "Hesab edirlər ki, bu torpaqları həmişəlik saxlaya bilərlər. Heç vaxt!” - FOTOLAR
Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib.
Azərtac xəbər verir ki, müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan iştirak ediblər.
Paneldə Prezident İlham Əliyev deyib ki, “Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib və işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə aparıb, o cümlədən Xocalı soyqırımını törədib”.
Prezident bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır: “Ermənilər işğal olunmuş torpaqlarımızda bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoyublar. Onlar işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər. Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi yoxdur.
Ermənistanın bütün liderləri mövcud status-kvonu müxtəlif yollarla saxlamağa çalışıblar. Azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalıdırlar. İşğal olunmuş torpaqlardakı silahlı qüvvələrin 80 faizindən çoxu Ermənistan əsgərləridir. Onlar hesab edirlər ki, bu torpaqları həmişəlik saxlaya bilərlər. Heç vaxt!”.
Dövlətimizin başçısı deyib ki, “biz bu münaqişəni mərhələli şəkildə həll etməliyik – ərazilərin bir hissəsinin azad edilməsi və məcburi köçkünlərin geri qayıtması. Dağlıq Qarabağın statusu sonra müəyyənləşdirilə bilər. Status məsələsi Azərbaycanın ərazi bütövlüyü ilə qarışdırılmamalıdır.
ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil. Heç bir ölkə Dağlıq Qarabağı tanımayıb”.
Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın baş naziri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsl mənasını uğursuz olaraq şərh edir: “O, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini unudur”.
***
APA-nın məlumatına görə, Ermənistan Baş nazirinin tarixi faktları təhrif edən çıxışından sonra Azərbaycan Prezidenti debatı belə yekunlaşdırıb: “Mən 19-cu əsrin əvvəllərdində İrəvan əhalisinin 70 faizinin azərbaycanlılardan ibarət olması barədə danışmayacağam. Amma onların hər zaman danışdıqları öz müqəddəratını təyinetmə barədə. Erməni xalqı öz müqəddəratını təyin etdi. Onların bir erməni dövləti var. Məsləhətim, ikinci dəfə öz müqəddəratını təyin etmək üçün başqa yer tapsın, Azərbaycanda yox”.
Bu xəbər üçün şərh yazın