Prezident İlham Əliyev:“Ermənistanla danşıqların formatı dəyişməz olaraq qalır, danışıqlarda irəliləyiş var”
“Ermənistanla danşıqlar prosesinin formatı dəyişməz olaraq qalır, danışıqlarda irəliləyiş var”.
Bu barədə Azərbaycan prezidenti Ermənistanın baş naziri Paşinyanla Vyanada keçirdiyi bu günkü görüş barədə Rusiyanın TASS Agentliyinə bildirib: “Danışıqlar prosesi humanitar aksiyalarla dəstəklənməlidir. Mühüm olan odur ki, danışıqlar formatı dəyişməz olaraq qaldı. Danışıqlar Ermənistanla Azərbaycan arasında aparılır”-deyə prezident vurğulayıb.
Dövlət başçısı daha sonra deyib: “Danışıqlar prosesinə yeni impuls verilib. Biz ATƏT-in Minsk qrupunun 9 martda verdiyi bəyanatı müsbət qiymətləndirdik. Bu bəyanatda deyilir ki, danışıqların formatı yalnız iki tərəfin razılığı ilə dəyişdirilə bilər”.
Prezident Azərbaycan üçün danışıqlarda əsas olan hədəfi də açıqlayıb: “Azərbaycan üçün birinci yerdə ölkəmizin beynəlxalq hüquq, Helsinki Yekun Aktı çərçivəsində tanınmış, erməni qüvvələrinin həmin ərazilərdən dərhal və danışıqsız çıxmasını tələb edən BMT-nin dörd qətnaməsində əks olunan ərazilərin işğaldan azad olunması durur”.
Görüşdə erməni və azərbaycanlılar arasında humanitar səciyyə daşıyacaq “vətəndaş diplomatiyası”nın perspektivləri də müzakirə edilib. “Biz insanlar arasında etimadı möhkəmləndirən əlaqələr barədə olan məsələni də müzakirə etdik. Cəmiyyət nümayəndələri arasında əvvələr belə əlaqələr olub. İndi belə humanitar tədbirlər barədə danışmaq tezdir” -deyə dövlət başçısı vurğulayıb.
“RİA-Novosti”nin məlumatına görə, İlham Əliyev jurnalistlərə deyib ki, Paşinyanla danışıqlar konstruktiv keçib: “Danışıqlar konstruktiv şəraitdə keçdi. Bu, uzun fasilədən sonra Ermənistan və Azərbaycan rəhbərlərinin ilk rəsmi görüşü idi. Əvvəlki görüşlər tanışlıq xarakteri daşıyırdı. Məsələnin mahiyyəti üzrə danışıqlar prosesinə yeni start verilib. Görüş bu baxımından çox mühümdür”.
Prezident İlham Əliyev deyib ki, Qarabağ üzrə danışıqlar prosesini davam etdirmək üçün Azərbaycan və Ermənistan XİN rəhbərləri yaxın zamanlarda yenidən görüşəcəklər: “Nəticə əldə edilməsinə hədəflənəcək danışıqlar prosesini davam etdirmək üçün nazirlərə yenidən görüşmək göstərişi verilib”.//Strateq.az
Bu xəbər üçün şərh yazın