
"Psixologiya sahəsində nəzarət gücləndirilməlidir"- İnsanların peşəkar psixoloqları qeyri-peşəkarlardan fərqləndirə bilməsi üçün...
Son vaxtlar psixoloqların sayı sürətlə artır.
İki-üç aylıq kursu bitirən hər kəs psixoloq kimi fəaliyyətə başlaya və qeyri-adekvat fikirləri ilə ictimai rəyi özünə cəlb edə bilir. Belə psixoloqları bilərəkdən cəmiyyətə sırımaq nə dərəcədə düzgündür?
Psixoloq,Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov Qaynarinfo.az-a açıqlamasında bildirib ki, bu problem psixologiya sahəsində uzun müddətdir müzakirə edilir:
"Qısamüddətli kursları bitirənlərin "psixoloq" kimi fəaliyyət göstərməsi, xüsusilə də etik və peşəkar standartlara uyğun olmadan psixoloji xidmət təklif etməsi, cəmiyyət üçün təhlükə yarada bilər. Çünki psixoloq olmaq təkcə müəyyən nəzəri biliklərə yiyələnmək deyil, eyni zamanda uzunmüddətli təhsil, praktik təcrübə və etik kodekslərə riayət etməyi tələb edir. Dünyanın əksər ölkələrində psixoloq adını almaq üçün bakalavr və magistr təhsili almaq, bəzi hallarda isə lisenziya imtahanından keçmək tələb olunur. Lakin bəzi insanlar sadəcə qısa kurslara qatılaraq və ya bir neçə kitab oxuyaraq, psixoloq kimi fəaliyyət göstərməyə çalışır ki, bu da yanlış yönləndirmələrə, hətta psixoloji problemləri olan insanlara ciddi zərər vurmağa səbəb ola bilər".
Elnur Rüstəmov əlavə edib ki, psixoloqların etik kodeksi var və bu kodeksə əsasən, psixoloji yardım göstərən şəxsin yetərli təhsili və təcrübəsi olmalıdır:
"Əks halda, yanlış diaqnozlar, qeyri-peşəkar müdaxilələr və mənəvi-psixoloji manipulyasiya halları qaçılmazdır. Hətta bəzi hallarda insanlar bu cür "mütəxəssislərə" etibar edib, daha ağır psixoloji vəziyyətlərə düşə bilirlər. Buna görə də psixologiya sahəsində tənzimləmə və nəzarət gücləndirilməlidir. İnsanların peşəkar psixoloqları qeyri-peşəkarlardan fərqləndirə bilməsi üçün cəmiyyətə düzgün məlumat vermək vacibdir. Eyni zamanda, psixoloji kurslar keçirən qurumlar da məzunlarına real imkanlarını aydın şəkildə izah etməli və onların psixoloji yardım göstərmək səlahiyyətlərinin olmadığını vurğulamalıdırlar".
Bu xəbər üçün şərh yazın