Putinin Britaniyadakı rəqibləri niyə ölür -Təsadüf, yoxsa...
Rusiya Prezidenti Vladimir Putinə qarşı olan və əsasən, Böyük Britaniyaya sığınan şəxslərin son illərdə müəmmalı ölümləri baş verir. Onlar daha çox zəhərlənmədən ölür, sonradan isə intihar və digər versiyalar ortaya atılır.
Musavat.com xəbər verir ki, son olaraq İngiltərənin Solsberi şəhərində yaşayan Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki, Böyük Britaniya casusu Sergey Skripalın qızı Yuliya ilə birlikdə zəhərlənməsi bu məsələni bir daha aktual edib. Artıq Böyük Britaniyanın hüquq mühafizə orqanlarının ilkin versiyasında ata və qızın zəhərlənməsinə Rusiya izinin olması barədə iddialar yer almağa başlayıb.
Qeyd edək ki, 2006-cı ildə Rusiya Federal Təhlükəsizlik Xidmətinin polkovnik-leytenantı Aleksandr Litvinenko da Londonda dostu, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Aleksey Luqovoy tərəfindən zəhərlənmişdi.
O, noyabrın 23-də London xəstəxanalarından birində vəfat edib. Bundan bir müddət sonra rusiyalı oliqarx Boris Berezovski eyni aqibətlə üzləşib. 2012-ci il noyabrın 9-da çox nadir zəhərli maddə ilə Surrey qraflığında qətlə yetirilən, Rusiyadakı korrupsiya faktlarını çox gözəl bilən rus sahibkar Aleksey Perepeliçninin ölümündəki müəmmalar hələ də çözülməyib.
Ekspertlər baş verən bu ölüm hadisələrinin təsadüf olmadığını və hər birində Kremlin əlinin olması ehtimallarının yüksək olduğunu bildirirlər.
Politoloq Nəzakət Məmmədova Putinin əməl etdiyi sərt qaydalardan söz açdı: “Dünya xüsusi xidmət orqanlarında belə bir yazılmamış qanun var: "Düşməni sındıra bilmirsənsə, onu məhv et"! Görünür, uzun illər xüsusi xidmət orqanlarında çalışmış Putin də bu qaydaya riayət edir. Yəqin ki, bu zaman o, insan hüquqları məsələsini yox, dövlətin təhlükəsizliyini əsas götürür. “Dövlət sirri daşıyan bir insanın ölməsi milyonlarla əhalisi olan dövlətə zərər gəlməsindən daha az təhlükəlidir” deyə düşünə bilər. Bir məsələyə diqqət etməliyik ki, Putinə qarşı çıxan insanlar niyə məhz İngiltərədə sığınacaq alırlar? Niyə onların arasında əsasən xüsusi xidmət orqanlarının keçmiş əməkdaşları və oliqarxlar üstünlük təşkil edir? Üstəlik, mühacir çeçen hökumətinə də İngiltərədə sığınacaq verilib.
Bunun bir neçə səbəbləri var. Hələ sovet dövründə İngiltərə KGB-dən qaçan əməkdaşlara siyasi sığınacaq və hətta vətəndaşlıq verirdi. Çünki bu şəxslər mühüm dövlət sirri daşıyıcılarıdır və İngiltərə kimi kəşfiyyat fəaliyyətini güclü qurmuş bir ölkə onlardan faydalanmaq məqsədi güdür. Hətta sovet dövründə də dəfələrlə ingilis kəşfiyyatı SSRİ ərazisindən Dövlət Təhlükəsizlik Komitəsi və Baş Kəşfiyyat İdarəsinin əməkdaşlarını diplomatik avtomobillərdə qaçırmışdı. Yaxud onlar üçüncü ölkənin ərazisində Mİ əməkdaşlarına könüllü təslim olurdular. SSRİ isə bir qayda olaraq onları öldürürdü. Sovet dövründə ruslar bu cür sui-qəsdləri adətən Bolqarıstan kəşfiyyatının əli ilə edirdi. Məsələn, BBC-nin əməkdaşı olan bir dissident çətirin ucuna taxılmış zəhərli iynə ilə dayanacaqda durarkən ona toxunulması nəticəsində öldürülmüşdü. Bəzi ölkələrin xüsusi xidmət orqanları laboratoriyalarında insanı öldürmək üçün xüsusi maddələr, məsələn Litvinenkonun öldürüldüyü polonium-210 maddəsi hazırlanırdı və cür sui-qəsdlərdə istifadə olunurdu.
Bunun digər bir səbəbi də ondan ibarət idi ki, ruslar özləri də 30-cu illərdən başlayaraq İngiltərədə çoxlu məxfi əməkdaşlığa cəlb etmə həyata keçirmişdi. Məşhur “Kembric beşliyi”ni xatırladaq; rusların hətta İngiltərə kraliçasının yaxın ətrafında agentləri olmuşdu və İngiltərə bunun əvəzini çıxmaq üçün də bu addımları ata bilər. Gördüyümüz kimi, Britaniya ya Berezovski kimi oliqarxları, ya da xüsusi xidmət orqanları əməkdaşlarını qəbul edərək onlara vətəndaşlıq verir. Bu ənənə soyuq müharibə dövründən qalıb və indi də davam etməkdədir. Eyni zamanda, İngiltərə antisemitizmin olduğu ölkələrdən biridir və oliqarxların həm maliyyə imkanlarının geniş olması, həm də Putinlə mübarizədə məğlub olub qaçanların əksəriyyətinin yəhudi mənşəli olması bu məsələyə təsiri göstərib. Qeyd etdiyimiz kimi Britaniya Krallığı Almaniya, Norveç, İsveç və digər Avropa ölkələrindən fərqli olaraq sıravi şəxsləri yox, müəyyən kəşfiyyat və yaxud maliyyə imkanları olan şəxslərə siyasi sığınacaq verərək onları vətəndaşlığa qəbul edir. Bu isə birbaşa Putinə demarşdır. Eyni zamanda dövlət sirrinin yayılmasına səbəb olur və Rusiya prezidentinin imicinə xələl gətirir. Məsələn, Litvinenkonun özü İngiltərə xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməklə bərabər, Putini ifşa edən bir neçə kitab yazıb çap etdirmişdi. Onu Rusiyada baş verən teraktları öz hakimiyyətini saxlamaq üçün təşkil etdiyini iddia etmişdi”.
Politoloq onu da qeyd etdi ki, bunlar dövlət sirrinin yayılması təhlükəsi ilə bərabər Rusiya dövlətinin və prezidentinin imicinə olduqca mənfi təsir edir: “Putin o təfəkkürlü insandır ki, dövlət marağı onun üçün insan həyatından daha üstündür. O, sovet xüsusi xidmət orqanlarının yetirməsidir və orada əsas prinsip dövlət marağı olub, nəinki insan hüquqları və s. Putinin öz kumiri kimi gördüyü Stalin də 1937-ci ildə minlərlə sovet vətəndaşını öldürüb və onlara qarşı əsas ittiham xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq olub. Yəni Rusiya dövləti bunu satqınlıq, xəyanət hesab edərək bağışlamır və xaricdəki ətəklər də məhz bununla bağlıdır. Putinin dövründə "Kursk" sualtı gəmisinin batması, eləcə də Nord Ostda, Beslanda girovların çeçen terrorçularından azad olunması zamanı görürük ki, dinc insanların belə həyatı o qədər önəm daşımayıb, nəinki dövlətin təhlükəsizliyi məqsədlərinə nail olmaq. İngiltərədəki qətllər isə həm satqın hesab olunanların aradan götürülməsi, həm də başqalarının gələcəkdə bu cür addım atmaqdan yayındırılması üçün bir nümunədir.
Çünki qaçan şəxslər belə addım atıblarsa, cəzasız qalacağı təqdirdə, digərləri də o cür hərəkət edib, onların yolu ilə gedə bilər.
Eyni zamanda, İngiltərə və digər ölkələrin sığınacaq verdiyi şəxsin təhlükəsizliyini təmin etmək öhdəliyini yerinə yetirə bilmək iqtidarında olmadığı göstərilir. Lakin həm sovet dövründə, həm də Putin Rusiyasında Qərbdən onlara sığınan şəxslərə qarşı demək olar ki, heç bir sui-qəsd olmayıb. Məsələn, elə son olaraq ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Eduard Snouden Rusiyada sığınacaq aldı və həyatına təhlükə baş vermədi. Soyuq müharibə dövründə də Qərbdə ruslar üçün işləyən agentlər ifşa olunub həbsə atılanda Rusiya sona qədər onlara gizli kömək göstərməyə çalışırdı. Məsələn, agentlər vəd etdiyi milyonlarla dollar pulu hətta onlar ömürlük həbs olunduqdan sonra da Lubyanka onların bank hesabına köçürməklə özləri üçün işləmiş adamları yarı yolda tərk etməyərək sözlərinin üstündə durduqlarını sübut ediblər. Son hadisəyə gəlincə, Rusiya Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi dünyada ən güclü xüsusi xidmət orqanlarından biridir. O, dünyada kosmik kəşfiyyat aparan çox az təşkilatlardan biridir. Mən əminəm ki, Suriyadakı müharibənin udulmasında bu təşkilatın müstəsna rolu olub. Bu təşkilat Rusiya təhlükəsizlik və xüsusi xidmət orqanları arasında ən nüfuzlusudur. Onun yarandığı dövrdən bəri sıralarından çox az satqın çıxıb. Buradan çıxan bir insan əlbəttə ki, müəyyən dövlət sirri bilir, bundan başqa xidmət yoldaşlarını da ələ verə, onların siyahısını, eləcə də bildiyi agentlərin siyahısını xarici dövlətə ötürə bilər.
Odur ki, bu cür sui-qəsdlər bu halların qarşısını almağa, ala bilmədikdə isə intiqam almağa və başqalarını bundan ibrət götürərək o yoldan çəkinməyə hesablanıb. Xüsusi xidmət orqanından müəyyən səbəblərdən uzaqlaşan insan bir neçə il xarici ölkədə nə daimi yaşamağa gedə bilməz, nə də vətəndaşlıq ala bilməz. İngiltərənin bu cür şəxslərə vətəndaşlıq verməsi özü artıq qanunsuz addımdır və Rusiya qanunlarını tapdalamaq, ona saymazlıq göstərməkdir. Görünür, Putin də bunu cavabsız qoymaq istəmir. Eyni zamanda, seçkiqabağı belə bir hadisənin olması Putinin imicinə mənfi təsir göstərmək məqsədi ilə planlaşdırılmış ola bilər.
Məsələn, Litvinenko özü xarici mətbuatda məqalələr çap edərək Əl Qaidə üzvlərinin Rusiya Federal Təhlükəsizlik Xidmətində təlim keçdiyini, Məhəmməd Peyğəmbərlə bağlı karikaturanın Danimarka mətbuatında nəşrinin Rusiya tərəfindən təşkil olunmasını, eləcə də Putinin 1984-cü ildə qeyri-ənənəvi cinsi meyllərinə görə Almaniya Federativ Respublikasına deyil, perspektivsiz Drezdenə ezam olunduğunu yazmışdı. Görünür ki, hazırda da həm onun şəxsiyyəti, həm də mühüm dövlət sirri təşkil edən məsələlərin açıqlanmasından dolayı bu son hadisə baş verib. Killer vasitəsilə öldürmə, avtomobildə bomba quraşdırılması və s. daha səs küylü qətllər hesab olunur, nəinki zəhərlənmə.
Zəhərlənmə daha səssiz bir sui-qəsd növüdür. Artıq İngiltərə bu silsilə qətllərdən öz imicinə zərbə gəldiyini düşünür. Daxili işlər naziri "Kobra" adlanan böhran komissiyasının fövqəladə iclasını çağırıb. Lakin Mİ-5 hesab edir ki, Skipal ilə bağlı hadisə məhz xarici dövlət (Rusiya nəzərdə tutulur) tərəfindən təşkil edilən sui-qəsddir. Lakin alternativ versiya da ondan ibarət ola bilər ki, bu, qruplaşmalardaxili haqq-hesab çəkməyin təzahürüdür. Eyni zamanda, İngiltərədə bəzi siyasi qüvvələr baş nazir Tereza Meydən Rusiyanın ünvanına kəskin bəyanat səsləndirmək tələb edir. Odur ki, hadisədə yalnız Rusiya izi axtarmaq düzgün olmazdı”.
Bu xəbər üçün şərh yazın