Putinin istefasını tələb edən 7 deputat polisə çağırılıb - Rusiya ordusunu nüfuzdan salmaqda ittiham olunurlar...

Putinin istefasını tələb edən 7 deputat polisə çağırılıb - Rusiya ordusunu nüfuzdan salmaqda ittiham olunurlar... 

Sankt-Peterburqda Dövlət Dumasından Rusiya Prezidenti Vladimir Putinə qarşı dövlətə xəyanət ittihamını irəli sürməyi tələb edən Smolninskoye bələdiyyəsinin 7 deputatı Rusiya ordusunun nüfuzdan salınması ilə bağlı polisə çağırılıb.

Rusiya mətbuatı xəbər verir ki, onlara qarşı protokol tərtib olunması gözlənilir. Deputatları axşam saatlarında SMS-lə polisə çağırıblar və səhər saat 9-a kimi polis bölməsinə gəlməyə məcbur ediblər.

Xatırladaq ki, sentyabrın 7-də deputatlar Dövlət Dumasına müraciət göndərərək Putinin Ukraynaya hərbi müdaxiləyə görə dövlətə xəyanətdə ittiham olunmasını tələb ediblər. Onlar Prezidentin vəzifəsindən uzaqlaşdırılmasını tələb edirlər, çünki müharibə, onların fikrincə, Rusiyanın təhlükəsizliyinə xələl gətirir.

Müraciətin mətnində deputatlar işğalın Rusiya hərbçilərinin ölümünə səbəb olduğunu, iqtisadiyyata və vətəndaşlara zərər verdiyini, NATO blokunun genişlənməsinə və digər ölkələrin hərbi yardımı hesabına Ukraynanın hərbiləşdirilməsinə gətirib çıxardığını vurğulayıblar.

"Biz hesab edirik ki, Prezident Putinin "xüsusi əməliyyata" başlamaq qərarı Rusiyanın və onun vətəndaşlarının təhlükəsizliyinə zərər verir", - sənəddə deyilir./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi