Putinin Qarabağ açıqlamasında separatizmə dəstəyi…
Rusiya Prezidenti Vladimir Putin sentyabrın 13-də Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda Qarabağla bağlı söylədiklərini oktyabrın 5-də bu dəfə Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında təkrarlayıb və onun sözlərində əvvəlkitək separatizmə dəstəyin əlamətlər var.
Faktinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya Prezidenti Vladimir Putinin Qarabağ məsələsi ilə bağlı “Valday” klubunda etdiyi çıxışı şərh edərkən deyib.
"Misal üçün Putin Qarabağda antiterror əməliyyatına görə Ermənistanın Baş naziri Nikol Paşinyanı və Avropa Birliyinin rəhbəri Şarl Mişeli ittiham edib. Putinin məntiqinə görə, Şarl Mişel Nikol Paşinyanı Praqada Azərbaycanın ərazi bütövlüyünü tanımağa razı salandan sonra Rusiyanın Azərbaycanı dayandırmaq imkanları heçə enib. Yəni belə çıxır ki, Paşinyan Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıyan bəyanat verməsəydi, Kreml Qarabağın tamamının Azərbaycanın nəzarətinə keçməsinə imkan verməyəcəkdi”, - politoloq bildirib.
Onun sözlərinə görə, Putinin təkrarladığı bir başqa açıqlama da Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyin nümunəsidir:
"Kreml sahibi bildirib ki, Ermənistan rəhbərləri vaxtilə onun 5 rayonu Azərbaycana qaytarmaq təklifinə razılaşsaydılar, Şuşa, Kəlbəcər və Laçın Ermənistanın və erməni separatçıların nəzarətində qalacaqdı. Ermənistanın Putinin təklifinə razılaşması heç nəyi dəyişməyəcəkdi, çünki Azərbaycan heç bir halda Şuşa, Kəlbəcər və Laçının düşmən işğalı altında qalmasına razılaşmayacaqdı”.
Bu xəbər üçün şərh yazın