“QARABAĞ HEÇ VAXT ERMƏNİSTAN OLMAYIB” – Karen Şahnazarov
“Tez və ya gec azərbaycanlılar ərazi bütövlüyünü təmin edəcəkdilər”
Tanınmış Rusiya rejissorlarından biri, erməni əsilli Karen Şahnazarov Qarabağ münaqişəsi və ermənilərin illər boyu tutduqları destruktiv mövqe ilə bağlı növbəti dəfə maraqlı açıqlamalar verib.
Rusiyanın “Den TV” telekanalına müsahibə verən rejissor bu münaqişənin hər iki tərəfin maraqlarına uyğun formada həll olunmasının vacib olduğunu, lakin hazırkı durumun kompromis variantları demək olar ki, istisna etdiyini söyləyib: “Tərəflərə son olaraq elə bir kompromis tapmaq, elə sülh bağlamaq lazımdır ki, gələcəkdə revanş tələb olunmasın. Elə bir kompromis tapılmalıdır ki, hər iki tərəfi qane etsin və sərhədlərin açılmasına, əməkdaşlığa imkan versin. İlk dəfə deyil ki, belə hadisələr baş verir. Ötən əsrin 20-ci illərində də hadisələr olmuşdu, ancaq sonra azərbaycanlılar və ermənilər Azərbaycanda normal yaşamışdılar. Mənin atam Bakıda doğulub. Ona görə də prinsipial kompromis axtarmaq lazımdır. Lakin təəssüf ki, mən indi nəyi müşahidə edirəm – qurban nə qədər çoxdursa, kompromis tapmaq da bir o qədər çətindir.”
Hər zaman nisbətən obyektiv mövqeyilə seçilən K.Şahnazarov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin vacib olduğunu deyib. Rejissor qeyd edib ki, azərbaycanlılar nə vaxtsa istənilən yolla bunu edəcəkdilər: “Etiraf etmək lazımdır ki, Azərbaycanın ərazi bütövlüyü problemi var. Ermənistan rəhbərliyinin bu vəziyyətin daim davam edəcəyinə dair illüziyaları onu aldatdı. Aşkar görünürdü ki, tez və ya gec azərbaycanlılar maliyyə imkanları əldə edəndən sonra ərazi bütövlüyünü təmin edəcəkdilər.”
Daha sonra Şahnazarov Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın ötən il verdiyi müsahibəni xatırladıb və bildirib ki, erməni cəmiyyəti onun dediklərini görməzdən gəlib: “Erməni cəmiyyətinin böyük hissəsi Ter-Petrosyanın “BBC”-yə verdiyi müsahibədən yan keçdi. O, həmin müsahibəsində deyirdi ki, 1997-ci ildə praktiki olaraq, razılıq əldə edilmişdi. Razılaşma qədimdən Azərbaycana aid olan 7 rayonun qaytarılmasını və ermənilər üçün müəyyən müddətə uzadılmaqla hansısa statusun verilməsini nəzərdə tuturdu. Görünür, bu status azərbaycanlıları qane edirdi. Lakin Ter-Petrosyanın dediyi kimi, bu razılaşma, Qarabağın erməni rəhbərliyi onun əleyhinə olduğu üçün baş tutmadı. Erməni tərəfi son hərbi əməliyyatlardan xeyli əvvəl kompromislə bağlı razılığa gəlməli idi.”
Şahnazarov müsahibəsində bildirib ki, ermənilərin münaqişəni sülh yoluyla həll etmək üçün 20 ildən artıq vaxtları olsa da, bundan istifadə etməyiblər. Rejissor həmçinin xüsusi vurğulayıb ki, Qarabağ heç vaxt Ermənistanın olmayıb: “Mənim fikrimcə, yeri gəlmişkən, heç vaxt Ermənistanın tərkib hissəsi olmayan Qarbağda böyüyən spesifik erməni subetnosu var.”
Rusiyalı rejissor Rusiyanın münaqişədəki iştirakına dair isə bildirib ki, Rusiya Sovet İttifaqı qədər güclü deyil və o, Qarabağ münaqişəsinə birabaşa müdaxilə edə bilməz./azpolitika.info
Bu xəbər üçün şərh yazın