“QARABAĞDA ATƏŞKƏSƏ ƏMƏL OLUNUR” – Hadrut meşələrində “azmış” silahlılar isə terror törədirlər...
Rusiya KİV-nin verdiyi xəbərə görə, Yuxarı Qarabağda atəşkəs rejimi «bərpa olunub». Bu barədə dekabrın 13-də Rusiya Federasiyasının Müdafiə Nazirliyi (MN) məlumat verib.
«Atəşkəs reijiminə bütün təmas xətti boyunca əməl olunur. Gün ərzində rusiyalı sülhməramlıları tərəfindən Ermənistan ərazisindən Yuxarı Qarabağa 634 qaçqının təhlükəsiz qayıdışı təmin olunub (onların məhz Qarabağ qaçqınları olduğunun yoxlanıb-yoxlanmadığı barədə isə məlumat verilmir - M.A.). Ümumilikdə, Qarabağda əvvəlki yaşayış yerinə qaytarılanların sayı isə 38,3 min nəfərə çatıb» - xəbərdə deyilir.
Rusiya KİV-nin yaydığı digər xəbərləri məqsədli şəkildə izlədikcə, yaranan mənzərə şahidlik edir ki, rusların Ermənistandan Qarabağa (Azəbaycanın ayrılmaz hissəsinə!) özbaşına köçürdükləri erməni «qaçqın»ların sayı artdıqca, Hadrut, Xocavənd… meşələrində gizlənən erməni «partizan»ların sayı da artır. Ruslarla əlbir olub da həyata keçirilən bu əməliyyatın gerçək məqsədlərini ört-basdır etmək üçün bir neçə gün bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə zəng vurub, «şikayətlənmişdi» ki, Qarabağda «qalmış» (oxu: saxlanılmış!) silahlı erməni dəstələri ona tabe olmurlar. Araik Arutunyan isə bir müddət əvvəl demişdi ki, ermənilər atəşkəsdən sonra faktiki olaraq, separtçıların nəzarəti altında olan ərazilərdə partizan müharibəsi aparmağa hazırlaşırlar…
Rusiya MN-nin məlumatında o da bildirilir ki, rusiyalı sülhməramlılar həm də «qaçqın»lara (əlbəttə ki, erməni «qaçqın»lara - keçmiş terrorçulara!) humanitar yardım göstərirlər.
Rusiya MN-nin digər məlumatında isə bildirilir ki, sülhməramlılar Hadrutun daha 2 kəndini nəzarət altına alıblar - o kəndləri ki, bir gün əvvəl oradakı eməni silahlılar Azərbaycan əsgərlərinə qəfil hücum ediblər. Hücum nəticəsndə Azərbaycan ordusunun 4 əsgəri şəhid olub. İndi isə diqqət edin: sözügedən əraziləri qeyri-qanuni erməni silahlı birləşmələrindən təmizləmək əvəzinə, rus sülhməramlıları ərazini «nəzarət altına almağa» üstünlük verirlər…
Ermənilərin bu xain hücumu məhz Hadrut ərazisində həyata keçirməsi xeyli məkrli məqsədlərdən xəbər verir. Belə ki, sözügedən kəndləri Laçın dəhlizi ilə yeganə torpaq yol birləşdirir. Deməli, ərazidə cəmləşmiş erməni partizanlar elə həmin yolla Ermənistandan lazımi silah-sursat, ərzaq və digər ləvazımat köməyi alıblar. Belədə, düşünməli olursan, atəşkəsdən ötən müddət ərzində Rusiya hərbi aviasiyasının Ermənistana daşıdığı «tikinti materialları» barəsində söhbət açdığıız həmin yolla Hadrut meşələrində gizlənmiş erməni partizanlara ötürülmürmü?!
Rusiya siyasətinin (və sülhməramlıların!) Qarabağdakı quldurbaşı Araik Arutunyanla «sıx əməkdaşlıq» şəraitində Azərbaycanın suveren ərazilərində at oynatması, bu şübhələrin əsassız olmadığını ortaya qoyur.
Bütün bunları əsas götürərək, Azərbaycan tərəf dərhal hərəkətə keçməli, Rusiyadan izahat istəməli və bu ölkənin Qarabağda at oynatmasının qarşısını alacaq tədbirlər görməlidir. Yoxsa ki, Qarabağın meşəlik-qayalıq ərazlərindəki mağaralarda gizlənmiş və sülhməramlıların köməyinə arxalanan erməni terrorçular azərbaycanlı qaçqınların bölgəyə qayıdışını faktiki olaraq, mümkünsüz edəcəklər…
Mirzə AĞ
AzPolitika.info
Bu xəbər üçün şərh yazın