QAYDALAR İLK GÜNDƏN İŞƏ YARAMADI - Universitetlər xaosdan necə yaxa qurtara bilər?
Nazirlər Kabinetinin universitetlərdə tədrisin həyata keçirilməsi ilə bağlı müəyyən etdiyi qaydalar elə ilk gündən ali məktəblərin girişində xaosa səbəb olub.
Bu gün səhər saatlarında məktəblərin qarşısında yaranan izdiham sosial şəbəkələrdə, internet saytlarında ən çox izlənən xəbərlər sırasında idi.
Tələbələr, müəllimlər, universitet işçiləri qapıda dayanıb içəri keçmək üçün növbə gözləyirdilər. Nəticədə karantin qaydaları kobud şəkildə pozuldu, infeksiyanın yayılması üçün əlverişli şərait yarandı. Tədrisin pozulması, müəllimlərin, tələbələrin dərsə vaxtında yetişə bilməməsi isə ayrı problemdir.
Xatırladaq ki, Nazirlər Kabinetinin sözügedən qaydalarında 18 yaşı tamam olmuş bütün tələbələrin, eyni zamanda tədris müəssisələrinin kollektivinin COVİD-19 pasportuna malik olması istisnasız şərt kimi qoyulub. Amma bu qərarın icrasının necə həyata keçiriləcəyi heç kimi düşündürməyib. Eləcə də on minlərlə tələbənin təhsil aldığı universitetləri də...
Ekspertlər gözlənilən sıxlığın aradan qaldırılması üçün ali məktəblərin girişinə məsafədən üztanıma və temperaturu ölçən cihazların yerləşdirilməsini təklif edirdilər. Belə cihazlar Avropa ölkələrinə geniş tətbiq olunur, eyni zaman da Azərbaycan da bəzi təşkilatlarda istifadə edilir. Universitet binasına daxil olan şəxslər elektron qaydada yoxlanır və bu zaman nə vaxt itkisnə yol verilir, nə sıxlıq yaranır, nə də tələbələr, müəllimlər dərsə gecikirlər.
Amma bu da vəziyyətdən çıxış yolu deyil. Universitelərin auditoriyalarında və tənəffüs zamanı koridorlarda yaranacaq sıxlıq da koronavirusun yayılması üçün münbit şərait yarada bilər. Nəzərə almaq lazımdır ki, əvvala tanınmış həkimlər də peyvəndin virusdan tam qorumadığını bildirirlər. İkincisi, ölkədə saxta COVİD pasportu alanlar da kifayət qədər olduğuna dair şübhələr var...
Bu baxımdan tədrisin təşkili ilə bağlı fərqli addımların atılması zəruridir. Məsələn, Azərbaycan Diplomatiya Akademiyasının (ADA) təcrübəsindən istifadə oluna bilər.
ADA- nın tətbiq etdiyi hibrid təhsil sistemi tədrisin normal şərtlər altında davam etdirlməsinə şərait yaradır. Belə ki, yeni qaydalara görə, tələbə sayı çox olan mühazirələr onlayn qaydada təşkil olunur, digər dərslər isə məktəbədə ənənəvi qaydada keçirilir. Nəticədə universitetə eyni vaxtda tələbə axınının qarşısı alınır, eyni zamanda karantin qaydalarına da riayət edilir. ADA-da dərslə sentyabrın 22-dən start verilsə də hələ bir dəfə olsun məktəbin girişində basırıq yaranmayıb.
Maraqlıdır, Nazirlər Kabineti, Təhsil Nazirliyi və ali məktəblər bu gün yaranan xaotik vəziyyəti nədən əvvəlcədən proqnozlaşdıra bilməyiblər? Axı bu vəziyyət ölkədə epidemoloji durumu nəzarətdən çıxarar və nəticədə tədrisin yenidən onlayn qaydada keçirilməsi qaçılmaz ola bilər.
Bəs sabah necə olacaq, yenə Nazirlər Kabinetinin kor-koranə qəbul etdiyi qaydaları rəhbər tutub məktəblərin girişində COVİD-19 pasportlarının yoxlanılması davam etdiriləcəkmi? Yaxud, bugünkü basırığı nəzərə alıb, ondan imtina edilə bilərmi?
Bir məsələ tam aydındır ki, hazırki şərtlərlə davam etmək mümkün deyil. Çünki ali məktəblərdə tədrisi bu şəkildə davam etdirmək cəhdi bitməkdəkə olan koronavirusun yenidən sürətlə yayılmasına səbəb olacaq.
Bu da tələbələr və müəllimlər arasında kütləvi yoluxmaya və ciddi narazlıqlara gətirib çıxara bilər. Problemdən optimal çıxış yolu ADA təcrübəsinin bütün ali məktəblərdə həyata keçirilməsidir.../AzPolitika.info
Bu xəbər üçün şərh yazın