Qəzzafinin oğlu Putindən dəstək istədi – Gizli görüş
Liviyanın keçmiş lideri Müəmmər Qəzzafinin oğlu Seyf əl İslam Moskvaya müraciət edərək, özünün prezident ambisiyalarının reallaşdırılması üçün dəstək verilməsini istəyib.
Bu məlumatı “Blumberq” agentliyi yayıb. Məlumata görə, Rusiya nümayəndələri artıq Qəzzafinin oğlu ilə əlaqəyə girməyə başlayıblar. Seyf əl İslamın onlarla həbsdən azad olduqdan dərhal sonra əlaqə qurduğu vurğulanıb.
Dekabr ayının əvvəlində isə Seyf əl İslamın nümayəndəsi Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanovla görüşüb. Görüşdə Boqdanova oğul Qəzzafinin Putinə və Rusiya hökumətinə ünvanlanan məktubu verilib. Məktubda Qəzzafi Rusiya hökumətiylə özünün Liviyanın gələcəyinə dair proqnozlarını bölüşüb və onlardan siyasi dəstək istəyib.
Agentlik Qəzzafinin nümayəndəsinin Moskvaya səfərinin ilk olmadığını bildirib. Bununla belə Moskvanın Qəzzafi ilə bərabər Liviya ordusunun rəhbəri Xəlifə Xəftarla da münasibətlərinin yaxşı olduğunu və Kremlin hazırda kimə dəstək vermək istədiyini müəyyən etmədiyi vurğulanıb.
Bu xəbər üçün şərh yazın