
"Qınamasın ellər məni" deyən şairi qınamaq bu gün çox asandır-Səməd Vurğun sağ qalıb deyə günahkardır?
Yazıçı Əlisa Nicatın sonuncu müsahibəsində Səməd Vurğunla bağlı səsləndirdiyi fikirlər ciddi etiraz doğurub.
Belə ki, S.Vurğun haqda “yaltaq şair” deməsi, həmin dövrdəki rejimə yaltaqlıq etməkdə günahlandırması birmənalı qarşılanmayıb.
Neçə illərdir müşahidə olunan bir məsələ var: xalqın Səməd Vurğunla bağlı neqativ fikirlər cəmiyyət tərəfindən sərt qarşılanır. Amma həmin dövrdə yaşamış digər şair və yazıçılarla bağlı bənzər ittihamlar səsləndiriləndə belə təpki verilmir.
Azərbaycanlıların Səməd Vurğuna bu qədər bağlılığı, onu müdafiə etməsi nədən qaynaqlanır?
Faktinfo.az xəbər verir ki,Globalinfo.az-a danışan AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova deyib ki, Azərbaycan ədəbiyyatında klassiklərlə yanaşı Səməd Vurğun yaradıcıllığı zirvədə dayanır:
“Səməd Vurğun Azərbaycan ədəbiyyatında izi silinməyən şəxsiyyətlərdəndir. Elə tarixi şəxsiyyətlərimiz var ki, ona hansı çamuru atsan da yapışmaz. İstənilən söz o toxunulmazlığı sıradan çıxarda bilmir. Səməd Vurğun da məhz belə şairlərdəndir. Səməd Vurğun haqqında tez-tez tənqidi fikirlər səsləndirilir. Lakin onun haqqında yazmaq üçün həmin dövrdə yaşayıb, onun abu-havasını görmək lazımdır. O vaxtdan bu günə baxış imkanı olsaydı həmin şəxslər indi tamam fərqli düşünərdi. "Qınamasın ellər məni" deyən şairi qınamaq bu gün çox asandır. DTK zirzəmilərində sınaqlara çəkilmək, bir yerdə çay içib, yemək yediyi dost-tanışının sabah o zirzəmidə hansı sınaqlardan keçəcəyini bilmək çox ağır məsələdir. Səməd Vurğun həmin ağır sınaqlardan keçib. O, bu gün dünyanın hər yerində tanınır. "Ceyran" şeiri bir çox dünya ölkələrində öz möhürünü vurub. "Komsomol" poemasında "komsomolun canı it canıdır" sözünə aşıq sənəti sərin su səpdi. Sovet dönəmində həmin sözlər deyildiyi zaman heç kim onu başa düşmədi, duymadı. Bu da Səməd Vurğun qələminin böyüklüyü, yüksəkliyi idi".
İlhamə Qəsəbova
İlhamə Qəsəbovanın sözlərinə görə, bu gün Səməd Vurğun haqqında yerli-yersiz danışmaq Azərbaycan ədəbiyyatına vurulan böyük ləkədir:
“Qurd olub ağacın içindən özümüz-özümüzü yeməməliyik. Onsuz da çevrəmizdə çoxlu düşmənimiz var. Ədəbiyyatımızı, tarixi şəxsiyyətlərimizi, simalarımızı hər zaman aşağıya çəkmək istəyən insanlar var. Uzun müddət MTN-də çalışmış professor Cəlal Qasımovun Qazax Müəllimlər Seminariyasının 100 illiyinə həsr olunmuş simpoziumda çıxışı zamanı çox gözəl fikir səsləndirdi. Dedi, niyə repressiya dövründə rəhmətə gedən ədiblərimizə böyük sayğı ilə yanaşırıq, amma içlərində tarixi hadisələrin şahidi olan o bir nəfərə pis baxırıq? Yaşadığı üçün? Ölsə idi yaxşı olardı, Səməd Vurğun sağ qalıb deyə günahkardır?”.
Əsəd Cahangir
Yazçı- tənqidçi Əsəd Cahangir isə məsələyə belə münasibət bildirib:
“Səməd Vurğun Azərbaycan xalqının təsəvvüründə olan ümumiləşdirilmiş şair obrazının canlı təcəssümüdür. Onun müəllifi olduğu “Azərbaycan” şeiri 1500 illik poeziya tariximizdə 7-dən 70-ə qədər bu şeiri əzbər bilir. Uşaqlar dil açanda ana, ata sözləri ilə dil açır. Amma Azərbaycan uşaqları “El bilir ki, sən mənimsən” misrası ilə dil açır. Ona görə də xalqımız Səməd Vurğun haqqında tənqidi fikirlərin məhz özünə, sözünə, dil açdığı zaman danışdığı dilinə qarşı deyilmiş kimi qəbul edir. Səməd Vurğun haqqında deyilmiş sözlərin qıcıq, narahatlıq doğurmasının səbəbi budur.
S.Vurğun Azərbaycan xalqı ilə eyniləşib. Onu təhqir etmək Azərbaycanı, dilini, mədəniyyətini, tarixini təhqir etməkdir. İkinci belə bir şairimiz yoxdur.
Əlisa Nicatın müsahibəsində səsləndirdiyi fikirlərdən məlumatım var. Uzun müddət cəmiyyətdən təcrid olunmaq, maddi problemlər, müəyyən sıxıntılar, yaşının çoxluğu Əlisa Nicatın düşüncələrində müəyyən çaşqınlıqlar yaradıb. Bu təəssüfləndirici haldır. Çox Əlisa Nicatlar, Əsəd Cahangirlər gəlib-gedəcək. Bunlardan kimisi Səməd Vurğunu tənqid, kimisi isə tərif edəcək. Lakin Səməd Vurğun bunlardan çox yüksəkdədir”.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın