"Qıtlıqdan şikayətlənənlər bilsinlər ki, hələ bu başlanğıcdır, elə şeylər görəcəksiniz ki..." — Akif İslamzadədən ŞOK SÖZLƏR
Dünya miqyasında ərzaq təminatı ilə bağlı problemlər getdikcə daha qabarıq şəkildə nəzərə çarpır.
Azərbaycanda da insanları narahat edən məsələlərdən biri kənd təsərrüfatı və ərzaq mallarının qiymətləridir. Əhali məhsulların qiymətlərini qonşu ölkələrlə müqayisədə yüksək və öz gəlirlərilə tərs mütənasib hesab edir.
Xalq artisti Akif İslamzadə bu cür bahalığın bütün dünyada hökm sürdüyünü deyib:
“Bizim evdə bazarlıq işinə mən baxmasam da, artan ərzaq qiymətlərindən xəbərim var. Qiymət artımının səbəbləri çoxdur. Başlıqca səbəb kənd camaatının tənbəlliyi, yaxud başqa bir şey deyil. Qıtlıq hər yerdə var, zamanla bu qıtlıq bütün dünyada daha da artacaq. Bu son zamanlarda olan şey deyil, təəccüblənməyin”.
Sənətçinin sözlərinə görə, qıtlıq və bahalaşma əxlaqsızlığa görə bəşəriyyətə verilən cəzadır:
“Buna səbəb birinci növbədə əxlaqsızlıqdır. Açın televiziyalara, sosial şəbəkələrə baxın, bütün dünyada əxlaqsızlıq, mənəviyyatsızlıq baş alıb gedir. Əxlaqsızlıq olan yerdə bərəkət olmaz. Bu qıtlıqlara səbəb olan bəşəriyyət özüdür, günahı özümüzdə axtarmalıyıq. Bahalaşmaya görə təkcə kəndliləri qınamaq olmaz ki, niyə əkib-becərmirlər. Əgər günahkar axtarırıqsa, hamımızın günahı var, başda mən olmaqla. Günahı kəndlinin, ziyalının, ayrı-ayrı insanların üstünə atmaq doğru yanaşma deyil.
Bu gün dünyanın yarısı yanır, yarısını sel aparır. Elə deyirlər təbii fəlakətdir. Biri də çıxıb demir ki, bu əxlaqsızlığın normaya çevrilməsinin nəticəsidir. Böyük dövlətlərin başçılarının əxlaqlarına, ədəb-ərkanlarına fikir verin, Amerikanın əvvəlki prezidenti Donald Tramp deyir ki, qızımın qəşəng görünüşü var, heyif ki, qızımdır. Fransa prezidenti Makron deyir ki, Qurana dəyişiklik etmək lazımdır, dövlət konstitusiyası ilə ona düzəliş edilməlidir. Axmaqlığın dərəcəsinə baxın! Ona görə qıtlıq, bahalaşma tək Azərbaycanı yox, bütün dünyanı götürüb. İstənilən televiziya kanalını açın görün bir dənə ədəb-ərkanlı veriliş varmı? Kişiyik televizoru açırıq, elə şeylər göstərirlər ki, adam tək olanda da baxmağa xəcalət çəkir. Sosial şəbəkələri açın, görün nə hoqqalardan çıxırlar, nələr göstərirlər. Qıtlıqdan şikayətlənənlər bilsinlər ki, hələ bu başlanğıcdır, elə şeylər görəcəksiniz ki... Ona görə düzəlişə birinci özümüzdən başlamalıyıq”. /Yenisabah.az
Bu xəbər üçün şərh yazın