Qiymət artımı-inflyasiya əhalinin gəlirlərini "yeyir", vətəndaş ət yemir -

Qiymət artımı-inflyasiya əhalinin gəlirlərini "yeyir", vətəndaş ət yemir - Əti kim və niyə bahalaşdırır?

Azərbaycanda ətin qiyməti ilə bağlı məlumat axtaranda nə məlum olur?!

Məlum olur ki, ətin bahalaşmadığı il yoxdur. Hər il ət və ət məhsullarının qiyməti qalxıb. Bəzi hallarda ildə iki-üç dəfə! Bu ilin əvvəlində də ət bahalaşmışdı. İndi yenidən bahalaşdı. Adətən soyuq aylarda ət çox yeyilir. Deməli, bizi qarşıda yenə də bahalaşma gözləyir. Əlbəttə, söhbət təkcə qırmızı ətdən getmir. Qırmızı ət bahalaşanda insanlar ağ ətə (toyuğa, balığa) meyl edir. Tələbat artır, bu zaman toyuq və balıq əti də bahalaşır. Bu da restoran və kafelərdə, şadlıq evlərində qiymətlərin artmasına səbəb olur. Təbii olaraq, ət məhsulları da bahalaşır. Yəni bir məhsulun bahalaşması başqalarına da təsir edir.

Bəli, ölkədə əhali artır. Tələbat çoxalır. Ümumdünya Ərzaq Təşkilatının hesablamalarına görə, bir insanın zülala gündəlik tələbatı 100 qramdır. Başqa elmi araşdırmalar isə, bu normanın 80-114 qram arasında dəyişdiyini göstərir. Normaya görə, zülalın 42 faizi - demək olar ki, yarısı ətdən və ət məhsullarından alınır. Sağlam bioloji çəkini saxlamaq üçün bu normanı insan almalıdır. Ölkəmizdə rəsmi mənbələr deyir ki, bizdə hər insan gündə 75 qram ət yeyir. Ancaq real vəziyyətin təhlili başqa nəticə göstərir. Aylarla ət yeməyən insanlar, ailələr var. Rəsmi qurumlar deyir, ətə tələbat artıb. Bunu əhalinin gəlirlərinin artması ilə izah edirlər. Bu, gerçəkdən belədirmi?! Doğrudur, ətə tələbat artıb. Ancaq yerli ət və ət məhsulları istehsalı tələbatı ödəyə bilmir. Bu da getdikcə ət idxalının çoxalmasına səbəb olur. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin birinci yarımilində 40,5 milyon dollar verib xaricdən 21 min 396 ton ət almışıq. Bu da ötən ilin uyğun dövrü ilə müqayisədə 1220 ton və ya 6 faiz çoxdur. Bu il ət idxalına 6,5 milyon dollar çox pul xərcləmişik. Ölkədəki qiymət artımı-inflyasiya onsuz da əhalinin gəlirlərini "yeyir". Yoxsul insanlar getdikcə ətə daha az pul xərcləyir. Başqa sözlə, günlərlə, hətta aylarla dilinə ət dəyməyənlərin sayı artır. Bir yandan da az sayda zənginlər daha da zənginləşdikcə, daha çox ət istehlak edir.

Belə bir mənzərə yaranıb: biz bu ilin altı auında 40 milyon dollardan çox pulu təkcə xaricdən ət almağa xərcləmişik. İlin sonuna qədər bu rəqəm 80-100 milyon dollara çata bilər. Bu da təqribən 140-170 milyon manat deməkdir. Vaxtında ölkədə heyvandarlığın inkişafına düzgün məbləğdə və düzgün qaydada sərmayə qoyulsaydı, bu gün biz neftdən, qazdan qazandığımızın 80-100 milyon dollarını təkcə xaricdən ət almağa xərcləməzdik. Yerli fermer təsərrüfatı, bütövlükdə kənd təsərrüfatı normal qurulsaydı, xaricdən ət asılılığımız da bu qədər olmazdı. İndi isə vəziyyət göz qabağındadır; həm ölkədə kifayət qədər ətlik heyvan yoxdur deyə, həm də xarici ölkələrdə ət bahalaşıb deyə bizdə də qiymətlər kəllə-çarxa çıxıb. Belə getsə, yoxsullar aylarla yox, illərlə ət üzünə həsrət qala bilər.
Bizimyol.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi