Qonşu ölkələrdəki iqtisadi və maliyyə dəyişikliyi manatı ucuzlaşdıracaq? - ŞƏRH
“Mərkəzi Bank qonşu ölkələrdə milli valyutaların dollara nisbətən dəyər itiriməsinə münasibət bildirib. Açıqlamadan aydın olur ki, növbəti dövrlərdə də manatın məzənnəsində Mərkəzi Bankın mövqeyi həlledici olacaq.
Aydındır ki, regionun aparıcı ölkələrində milli valyutalarının ucuzlaşmasının hazırda valyuta bazarımıza iqtisadi deyil, daha çox psixoloji təsirləri var”.
Yenisabah.az xəbər verir ki, bunu Milli Məclis deputatı Vüqar Bayramov deyib.
O qeyd edib ki, Mərkəzi Bankın açıqlamasından da göründiyi kimi neftin dünya bazar qiyməti bu kontekstdə daha vacib indikatordur:
“Çünki ölkəyə daxil olan valyutanın 85 faizə yaxınını enerji sektoru formalaşdırır. Hazırda isə neftin qiyməti Mərkəzi Bank üçün məqbul səviyyədə hesab oluna bilər. Bununla belə, neft bazarında volatilliyin yüksək olması da diqqətdə saxlanılmalıdır.
Bununla yanaşı, həm Türkiyə, həm də Rusiya Azərbaycan üçün vacib ticarət tərəfdaşlarındandır. Türkiyə ilə 4.5 milyard dollara yaxın, Rusiya ilə isə 3 milyard dollardan artıq ticarətimiz var. Bu, ümumi xarici ticarət dövriyyəmizin 23 faizi deməkdir. Bu baxımdan, əsas ticarət tərəfdaşlarımızdakı iqtisadi və maliyyə dəyişikliklərin xarici ticarət dövriyyəmizə təsirlərinin minimumlaşdırılması istiqamətində fəaliyyətlərin genişləndirilməsi də məqsədəuyğundur”.
Bu xəbər üçün şərh yazın