Rafael Dadaşovun utanmadan danışdığı yalan - Video
Xalq artisti Rafael Dadaşov ATV-də “Zaurla günaydın” verilişində filmlərə niyə az çəkilməsinin səbəblərini açıqlayıb.
Səbəblər sırasında 21 yaşında instituta imtahan verərkən SSRİ xalq artisti, məşhur rejissor və aktyor, böyük və istedadlı bir nəslin yetişməsində və mövqe qazanmasında müstəsna xidmətləri olan, “kimsəsizlərin arxası” sayılan Adil (Ədil) İsgəndərovun onu ali məktəbə qəbul etmək istəməməsindən, daha sonra isə “Azərbaycanfilm”in baş direktoru olarkən ona rol verməməsindən bəhs edib. Deyib, atası ilə (Məlik Dadaşov) münasibətləri yaxşı olmayıb deyə, oğluna qarşı ədalətsizlik edib. R.Dadaşovun iddiasına görə, hətta İncəsənət İnstitutunun rektoru Rahib Hüseynov bu olaya görə Adil İsgəndərova “kişi ol, atanın acığını övladdan çıxma” deyibmiş.
Əvvəla, SSRİ xalq artisti Adil İsgəndərova kiminsə, o cümlədən Rahib Hüseynovun “kişi ol” deməsinə inanmaq üçün Azərbaycan mədəniyyət tarixini bilməmək lazımdır. Tərslikdən, biz oxumuşuq. 49 yaşında SSRİ xalq artisti olan A.İsgəndərov avtoritet idi, onun söz götürmədiyi haqda da tələbələrinin saysız-hesabsız xatirələri var. Həmin dövrdə gənc və tələbələrinin bığını qırxdırması ilə gündəmə gələn, A.İsgəndərovla müqayisədə heç də yüksək savadı ilə seçilməyən, bir müddətdən sonra isə 15 illik həbs cəzası alan, ancaq xatirələrdə mənfi insan kimi qalmayan, əksinə, xeyirxah olduğuna dair daha çox insanın şahidlik etdiyi Rahib müəllim A.İsgəndərova o sözü deməzdi, deməyə cəzarət etməzdi! Yox əgər özündən hər mənada böyük Ədil müəllimə o sözü deyibsə, onda Rahib Hüseynov haqda “bığqırxdıran”, “şparqalka ilə dərs keçən” xatirələrinə daha çox inanmalı olarıq.
İkincisi, R.Dadaşov deyir ki, “ondan sonra Adil müəllim Kinostudiyanın rəhbəri oldu, həm də uzun illər...”. R.Dadaşov instituta 21 yaşında – 1967-ci ildə imtahan verib, 1972-ci ildə bitirib. 1967-ci ildə A.İsgəndərov artıq bir il idi ki, “Azərbaycanfilm”in baş direktoru idi.
“Ondan sonra” yox, Dadaşov, “onda”!
Üçüncüsü, A.İsgəndərov “Azərbaycanfilm”in rəhbəri olduğu 1966-74-cü illərdə Rafael Dadaşovun atası, məşhur aktyor Məlik Dadaşov düz DOQQUZ filmə çəkilib:
1. İyirmaltılar (1966)
2. İstintaq davam edir (1966)
3. İnsan məskən salır (1967)
4. Dağlarda döyüş (1967)
5. Uşaqlığın son gecəsi (1968)
6. Dəli Kür (1969)
7. Ulduzlar sönmür (1971)
8. Axırıncı aşırım (1971)
9. Bizim küçənin oğlanları (1973)
Yəni A.İsgəndərov Rafael Dadaşovu instituta “qəbul etdirmək istəməyəndə” və onu otaqdan çıxaranda – 1967-ci ildə - Məlik Dadaşova iki filmdə çəkilmək fürsəti yaratmışdı. Niyə? Şəxsi müstəvidə olan problemləri sənətə daşıyan adam idisə, A.İsgəndərov niyə 1971-ci ildə məşhur “Axırıncı aşırım” filmində Qəmlo obrazını Məlik Dadaşovun yaratmasına imkan verirdi? Hətta özü də onunla tərəf-müqabil olurdu?
Dördüncüsü: Deyir, “Dəli Kür”də Şamxalı oynamalı idim, qoymadılar... (Yəni, A.İsgəndərov qoymayıb).
Adil İsgəndərov həmin filmdə Məlik Dadaşova rol verilməsinə imkan yaradıb, oğluna yox?
Beşincisi: R.Dadaşov sözügedən açıqlamasında 1972-ci ildə “Var olun, qızlar...” filminin sınağında iştirak etdiyini, 3 gün sonra isə rejissor Eldar Quliyevin onu çağırdığını və A.İsgəndərovun onu çəkməyi qəti şəkildə qadağan etdiyini bildirir və... sonunu gətirmir. R.Dadaşov “Var olun, qızlar...” filminin əsas obrazını (İsa) yaradıb. A.İsgəndərov necə qoymayıb ki?!
Deyəsən, Dadaşovun yaddaşı pozulub, rol aldığı filmi də unudub.
Altıncısı: R.Dadaşov hələ instituta girənə qədər – 1967-ci ildə A.İsgəndərovun rəhbərlik etdiyi “Azərbaycanfilm”in istehsalı olan “İnsan məskən salır” filmində rol almışdı. 1971-ci ildə isə A.İsgəndərov Məlik Dadaşov və Rafael Dadaşovla (ata-oğul) birgə eyni filmə çəkilmişdi - “Ulduzlar sönmür”...
Bu hələ əl altında olan məlumatlardan çıxan nəticədir. Başqa nələr olub?
Sonda: Adil İsgəndərov yaratdığı obrazlarla, yetişdirdiyi böyük nəsillə Azərbaycan kino və teatr tarixinin ən böyük sütunlarından biridir. Hətta Azdramda arası olmamasına baxmayaraq, Ələsgər Ələkbərova ən böyük obrazları tapşırırmış. Adam şəxsi münasibətləri peşəkarlıqdan üstün tutsaydı, oğlunu yox, Məlik Dadaşov kimi qüdrətli aktyorun özünü kənarda qoya bilərdi və kimsə də SSRİ xalq artistinin qabağına çıxa bilməzdi! Ancaq hansı obrazı kimin ən yaxşı oynayacağını A.İsgəndərov gözəl bilirdi və bu məqamda şəxsi münasibətlərini hər zaman ayağının altına almaq gücündə böyük insan idi.
Qoyun, belə insanlar necə varsa, tarixdə və mədəniyyətimizdə qalsın, hərəyə bir çamur atmağa heç bir ehtiyac yoxdur. Qoyun, gənc nəsil söykənməyə bir yekə dağ, xatirə tapsın – hər şeyi darmadağın etməyə çalışmayın.
Onsuz da dağıtmağa çalışdığınız dağlardan qopan xırdaca parçanın altında ilk olaraq özünüz qalırsınız!
Bu xəbər üçün şərh yazın