“Rayonların sayı azaldılmalıdır” - deputat
Respublikaçı Alternativ Partiyasının (REAL) qurucu üzvü, deputat Erkin Qədirli Azərbaycanda rayonların sayının azadılmasını təklif edib.
Yenisabah.az xəbər verir ki, deputatın fikrincə, kadr dəyişikliklərindən əvvəl “inzibati-ərazi vahidləri islahatı” aparılmalıdır.
“Bizdə icra, özəlliklə də yerli icra hakimiyyəti düzgün qurulmayıb. Ona görə də kadr islahatı alınmır və alınmayacaq. Ölkəmizdə 80 rayon vardır (66 bölgə + 12 Bakı + 2 Gəncə). Bu, 80 icra başçısı, 80 prokuror, 80 polis rəisi, 80..., 80... və s. deməkdir. Bu sayda həm bilikli, həm bacarıqlı, həm də vicdanlı adam tapmaq, üstəlik, onları düzgün çalışdırmaq olmayacaq. Ayrıca, hər kəsin üzərində düzgün nəzarət qurmaq alınmayacaq. Çıxış yolu - kadr islahatından öncə inzibati-ərazi vahidləri islahatı olmalı, rayonların sayı azaldılmalıdır.
Daha sonra, yerli icra hakimiyyətinin təşkilində legitimlik problemi vardır. Bələdiyyələrin səlahiyyətləri qanunla müəyyən olunduğu bir halda, yerli icra başçılarının səlahiyyətlərini Prezident müəyyən edir. Bu, sistem problemini dərinləşdirir, çünki yerli hakimiyyətin belə quruluşunda bələdiyyələr heç zaman güclənə bilməyəcəklər. Bələdiyyələrin güclü ola bilmədiyi yerdə isə, yerli icra hakimiyyəti səmərəli ola bilməyəcək”, - deyə Erkin Qədirli bildirib.
Bu xəbər üçün şərh yazın