"RAZILAŞMA OLMUŞDU Kİ, QONŞU ÖLKƏLƏR SÜLHMƏRAMLI OLMASIN" - "Rusiya sülhməramlılarının gəlməsi..."
Münaqişənin nizamlanması ilə məşğul olan ATƏT -in Minsk Qrupunun Amerikadan olan keçmiş həmsədri Metyu Brayza deyib ki, həmsədr dövlətlər arasında həmişə belə bir centlmensayağı razılaşma olub ki, qonşu ölkələr - Rusiya, Türkiyə İran kimi ölkələr Qarabağda sülhməramlı kimi çıxış etməsinlər:
“Məncə, Rusiya sülhməramlılarının gəlməsi o qədər də yaxşı fikir deyil. Çünki Rusiya sülhməramlıları başqa münaqişələri - məsələn, Gürcüstan və Moldova münaqişələrində gərginliyi artırıb. Amma ümid edirəm ki, Qarabağ münaqişəsi fərqlidir. Öz təcrübəmdən deyə bilərəm ki, bütün Rusiya vasitəçiləri xoşməramlı və obyektiv olublar. Baxmayaraq ki, onlar Ermənistanla müttəfiqdirlər, onlar həmişə deyiblər ki, bunun Azərbaycanın ərazi bütövlüyünə dəxli yoxdur”.
Metyu Brayza deyir ki, bununla belə Rusiya həmişə öz sülhməramlısını regiona gətirməkdə maraqlı olub. Onun fikrincə, yadda saxlamaq lazımdır ki, Azərbaycanının Moldova və Gürcüstandan fərqi var: “Fərq bundadır ki, Moldova və Gürcüstan həmişə aydın şəkildəifadə ediblər ki, onlar Avroatlantik məkana yaxın olmaq və ona üzv olmaq istəyirlər. Azərbaycanın bu məsələdə mövqeyi daha ehtiyatlı və balanslıdır. Məncə, prezident Putin bunun qədir-qiymətini bilib və Azərbaycanı özünə təhlükə kimi görmür.
Bəlkə də Rusiya sülhməramlıları Qarabağda daha az ehtiyatlı davranacaqlar. Azərbaycan hakimiyyəti daha güclüdür, məncə, Rusiya prezidenti Vladimir Putin Azərbaycanla öz münasibətini kəskin şəkildə pisləşdirmək istəməz. Bu münasibətlər iqtisadi baxımdan da çox əhəmiyyətlidir”.
Bu xəbər üçün şərh yazın