Rəsmi qəzet “ciyər axşamları”ını tənqid etdi

Rəsmi qəzet “ciyər axşamları”ını tənqid etdi -“Belə dəb olar?!”

"Azərbaycan” qəzetində Bərdə şəhər sakini Fəqan İbrahimovun toydan bir gün qabaq keçirilən "ciyər axşamları” ilə bağlı tənqidi məktubu dərc edilib.

Məlumata  görə, F. İbrahimov "Belə dəb olar?” başlığı ilə dərc olunmuş məktubunda yazıb ki, zaman keçdikcə adət-ənənələrin bəziləri sıradan çıxır, yeniləri yaranır.

O, bunun təbii olduğunu qeyd edib: "Son illər toydan bir gün əvvəl "ciyər axşamları” keçirmək yaman dəbə düşüb. Onun harada, nə vaxt yarandığını deyə bilmərəm. Amma deyirlər ki, ona az qala bir toyun yarısı qədər, bəlkə də daha çox xərc çəkilir. "Ciyər axşamları”nda yeyib-içənlər ertəsi gün toy məclislərində də iştirak edirlər. Bəzən belə axşamlarda cavanlar yeyib-içəndən sonra oturub səhərin gözü açılana kimi müxtəlif oyunlar oynayırlar. 

Elə hallar da olur ki, özünü idarə edə bilməyən gənclər dava-dalaş salır, hadisə törədir, araya qanıqaralıq düşür. Ən çox maddi ziyan çəkən də toy sahibi olur, mənəvi əzab çəkən də! Bəs bu dəbi aradan qaldırmaq üçün nə etmək lazımdır? Sadəcə "qonşudan qalma dala” prinsipindən əl çəkib "ciyər axşamları” keçirməkdən imtina etmək! Bu həm israfçılığın qarşısını alar, həm də xoşagəlməz hadisələrin. Fikrimizcə, bu işdə nüfuzlu adamlar, ziyalılar, ağsaqqallar qabağa düşsələr, məsələ daha tez həllini tapar”.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər