Rəsul Quliyevin partiyası iqtidarı dəstəkləyir
Milli Məclisin keçmiş sədri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyevin partiyası Azərbaycan hökumətini dəstəkləyir.
Reyting.az xəbər verir ki, bunu Rəsul Quliyevə yaxınlığı ilə tanınan Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlunun Facebook səhifəsində də müəyyən etmək mümkündür.
Ölkədə aparılan islahatları dəstəkləyən partiya sədri yazır ki, son günlər Azərbaycanda baş verən hadisələrə dinc inqilab demək olar:
“Ölkədə sanki pozitiv bir inqilab yaşanmaqdadır. Baş verən dəyişikliklərə şərti olaraq “Ağ İnqilab” da demək olar. Baş verən proseslər olduqca sevindiricidir. İstər gəncləşmə siyasəti, istər parlamentin buraxılması, istərsə də adı korrupsiyada hallanmış, dövlət büdcəsini talamış məmur namenqlaturasına “Əlvida” deyilməsinə niyə də sevinməyəsən?”.
Partiya sədri əlavə edib ki, proses hələ davam edir: “Düşünürəm ki, ölkədə baş verən qansız-qadasız bu dəyişikliklər inqilabi dəyişikliklərdir və bu dəyişikliklər hələ çox “başlar” aparacaq.
Təbii ki, bu reformalara kölgə salmaq istəyən qüvvələr olacaq. Və ilk fürsət kimi növbədənkənar parlament seçkilərində bu cəhdlərini edəcəklər”.
Partiya sədri hesab edir ki, ölkə rəhbərliyi baş verən “Ağ İnqilab”a seçki saxtakarlığı yolu ilə ləkə yaxmağa çalışanlara imkan verməyəcək, seçki prosesini nəzarətdə saxlayaraq demokratik şəraitdə keçməsinin qarantı rolunda çıxış edəcəkdir. “Hər halda buna ümid edirəm. Unutmaq lazım deyil ki, xalqın iradəsi ilə, demokratik seçkilərlə formalaşacaq parlament bütün bu islahatların məntiqi sonluğu ola bilər”,- deyə A. Şakiroğlu qeyd edib.
Bu xəbər üçün şərh yazın