“Rusiya II Qarabağ müharibəsində əməlli-başlı iştirak edirmiş” - Prezident İlham Əliyev cavab tələb edir
Həftə ərzində Prezident İlham Əliyev çıxışları zamanı Şuşaya atılan "İsgəndər-M" raketləri ilə bağlı Rusiyadan cavab gözlədiyini bəyan edib.
Həmçinin Prezident bildirib ki, bu ölümcül silahların Ermənistan ordusunda olması, artıq əyani sübutdur. Dövlət başçısı aprelin 13-də ADA Universitetindəki çıxışında bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə “İsgəndər-M” raketi ilə bağlı məsələni müzakirə edib. Prezident deyib ki, onun tapşırığıyla Azərbaycan Müdafiə Nazirliyi fotolarla birlikdə sübutların olduğu rəsmi məktubu Moskvaya göndərib, ancaq heç bir cavab alınmayıb.
Mövzu ilə bağlı Pravda.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, II Qarabağ müharibəsində Rusiyanın etdiklərinin hamısı bir-bir üzə çıxır: "Ermənistanı silahla təchiz etməsi, onların ordusuna yeni dəstələr göndərməsi, ikinci briqadanın xüsusi təlimatçılarının Ermənistan ordusuna verilməsi və s. Bütün bunlar onu göstərir ki, Rusiya II Qarabağ müharibəsində əməlli-başlı iştirak edirmiş. Üstəlik, Şuşa bizim nəzarətimizə keçərkən ermənilərin hikkəsini söndürmək, onlara bir növ Rusiyanın gücünü göstərmək üçün şəhərə"İsgəndər-M" raketlərindən atəş açıblar. Deyilənə görə, atılan 10-a qədər atəşdən 2-si partlayıb, qalanları isə hara uçub gedib, Allah bilir. Bu ikisi də Şuşanın bir neçə kilometrliyinə düşüb, meşənin içində partlayıb. Hesab edirəm ki, bizim üçün Məkkə və Mədinə qədər müqəddəs olan Şuşa şəhərinə toxunulmasına Allah imkan verməyib. Faşist ruhlu adamların belə gözəl şəhəri yer üzündən silmək haqqında verdikləri bəyanatların heç biri həyata keçməyib".
Politoloq əlavə edib ki, Azərbaycan bu məsələ ilə bağlı Rusiyadan izahat tələb edir: "Əgər dünənə qədər Rusiya Prezidentinin sözçüsü Qarabağda bu silahdan atəş açılmadığını deyirdisə, indi bu silahlardan istifadə edilməsi barədə məlumatların toplandığını qeyd edir. Onlar onsuz da yalan danışmağa adətkardırlar, yenə də yalan danışacaqlar".
Q.Hüseynlinin sözlərinə görə, Rusiya ilə Azərbaycan, eyni zamanda Türkiyə arasında soyuq küləklər əsir.
Politoloqun fikrincə, artıq Azərbaycan Ermənistanla danışıqlar və digər əlaqələri Rusiya vasitəsilə deyil, bölgənin diktə edici dövləti kimi elə birbaşa özü aparmalıdır: "Bu məsələdə də Rusiyanın cavabına müvafiq olaraq, Azərbaycan öz mövqeyini ortaya qoyacaq. "İsgəndər-M"lərdən atəş açılması məsələsi, hesab edirəm ki, Beynəlxalq Haaqa Hərbi Tribunalına qədər daşınacaq. Dəqiq demək olmaz ki, bu məsələ ilə bağlı rus sülhməramlıları regiondan çıxarıla bilər, amma göründüyü kimi, onların bizim ərazimizdən çıxarılması Azərbaycan və Türkiyənin gündəmindədir. Yalnız uyğun beynəlxalq şərtlər çərçivəsində belə bir şeyi icra etmək mümkündür".
Nəzrin Cavid
Bu xəbər üçün şərh yazın