Rusiya üçün ən ağır günlər bundan sonra başlayacaq - İqtisadçı-alim
"Bloomberg" rublun dünyanın ən volatil (uçucu) valyutasına çevrildiyini yazıb.
Bu gün Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,0194 manat (1 manat/51,55 rubl) təşkil edib ki, bu da 2016-cı ilin yanvarın 22-dən bəri qeydə alınan ən aşağı göstəricidir.
Rubl ABŞ dolları qarşısında, Rusiyanın Ukrayna ərazisindəki "Donetsk Xalq Respublikası"da açıqladığı hərbi əməliyyat fonunda yeni eniş yaşayıb. Moskva birjasında səhər 8:00-da dolların məzənnəsi 84,07 rubla çatıb. Daha sonra rublun məzənnəsi Moskva birjasının müəyyən etdiyi həddə düşdüyü üçün ticarət dayandırılıb.
Manatın ABŞ dollarına qarşı məzənnəsinin 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığını nəzərə alaraq, rublun dollar qarşısında dəyərsizləşməsi AZN-RUB cütlüyündə də rublu kəskin endirib.
Maraqlıdır ki, Rusiyaya qarşı Amerikanın və Qərbin tətbiq etdiyi sanksiyalar qarşısında rubl nə qədər duruş gətirə biləcək? Bu barədə Şərq.az-a danışan iqtisadçı-alim Fuad İbrahimovun sözlərinə görə, Rusiya iqtisadiyyatı üçün ən çətin dövr bundan sonra başlayır.
“Bu təkcə rublla deyil, Rusiyanın iqtisadiyyatı ilə bağlıdır. Ən çətin zamanlar bundan sonra yaşanacaq. Rusiya indi sovet dönəmindəki deyil. Müasir Rusiya kifayət qədər dövrün tələblərinə uyğun şəkildə dünyada gedən proseslərə inteqrasiya edir. Ancaq istənilən sanksiyaların tətbiqi onun iqtisadiyyatına mənfi təsir göstərəcək.
Qısa zaman kəsiyində rus rublu bundan da ağır vəziyyətə düşə və valyutanın ucuzlaşması kritik nöqtəyə qədər gedib çata bilər.
Nəzərə almaq lazımdır ki, Rusiyanın bir çox strateji məhsulların idxalından asılılığı var. Həmin məhsulların qiymətində kifayət qədər bahalaşma baş verəcək. Eyni zamanda bu, idxalın azalmasına gətirib çıxaracaq. Nəticədə, həmin məhsullar piştaxtalardan yoxa çıxacaq.
Ümumilikdə, bu sanksiyalar təkcə rubla deyil, Rusiyanın digər indekslərinə də mənfi təsir göstərəcək. Bu səbəbdən arzuolunmaz bazar fiaskosu yaşana bilər”.
Bu xəbər üçün şərh yazın