Rusiyadakı soydaşlarımızın Azərbaycana axını GÖZLƏNİLİR - KREMLİN TƏZYİQİ...
Rusiya daxili işlər nazirinin müavini Aleksandr Qorovoy MDB ölkələrinin Parlamentlərarası Assambleyasının iclasında iyunun 15-dək Rusiyadan bir milyona yaxın qanunsuz miqrantın deportasiya ediləcəyini anons edib.
Nazir qanunsuz miqrantların 120 min nəfərinin Azərbaycan vətəndaşı olduğunu qeyd etmişdi.
Bəs həmin azərbaycanlıların geriyə deportasiya olunması Azərbaycan iqtisadiyyatına hansı təsiri göstərəcək? Pandemiyanın vurduğu zərbə fonunda əmək bazarında rəqabət kəskinləşəcək?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Modern.az-a danışıb.
Ekspert qeyd edib ki, azərbaycanlıların böyük əksəriyyəti sənədlərin qaydaya salmaq üçün müəyyən işlər görürlər.
“Çünki qeydiyyatsız yaşayanların deportasiya olunmasından söhbət gedir. Ona görə də ola bilər ki, 120 min insanın böyük bir hissəsi sənədlərini iyun ayına qədər düzəldə bilsin”.
Ekspertin fikrincə, Azərbaycan onminlərlə soydaşının Rusiyadan qayıdışına hazır olmalı, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara əlavə güzəştlər tətbiq etməlidir.
“Amma hər halda Azərbaycan tərəfi hazır olmalıdır ki, on min və ya altmış min azərbaycanlının qaytarılması baş tuta bilər. Bu zaman təbii ki, Azərbaycanda işsizliklə bağlı problemlər yaransın. Həmçinin, Azərbaycanın özündə də pandemiya dövründə işsizik yaranıb. Əlavə olaraq, on minlərlə azərbaycanlının vətənə qayıtması işsizlik və sosial həyatla bağlı problemlər yarada bilər. Buna görə də bu məsələ ilə bağlı ciddi iş görülməlidir. İş yerlərinin artırılması üçün kiçik və orta sahibkarlıq proqramlarına dəstək genişləndirilməlidir. Ölkədə rəqabətli mühit yaradılması üçün işlərin artırılmasında xeyir var. Kiçik və orta sahibkarlığa vergi güzəştləri də artırıla bilər”.
Bu xəbər üçün şərh yazın