“Rusiyalıların çoxu hələ ayılmayıb” - “Putinin danışmaq fikri olsa..."
Rusiya XİN-in sabiq başçısı: “Müharibə getdikcə Rusiya tərəfindən barbar xarakter alır. Belədə hansı danışıqlardan söhbət gedə bilər?”
“Rusiya ilə Ukrayna nümayəndə heyətləri arasındakı danışıqlardan heç nə gözləmirəm. Rusiya nümayəndə heyətinin başçısına(Sabiq mədəniyyət naziri Vladimir Medinski-red.) nəzər yetirəndə, bu heyət mahiyyətcə yersiz zarafat təsiri bağışlayır”.
AzPolitika.info xəbər verir ki, bu sözləri Rusiyanın sabiq Xarici İşlər naziri Andrey Kozırev Rusiyanın “Dojd” telekanalına açıqlamasında deyib.
Sabiq nazirin fikrincə, bu danışıqlar uzağı hansısa qısa müddətə atəşkəs elan olunması ilə nəticələnə bilər ki, bununla bağlı qərarı da yalnız Putin verə bilər. Ciddi danışıqlar üçünsə öncə Rusiya qoşunları Ukraynadan çıxarılmalıdır.
Kozırev deyib ki, Putin sadəcə, beynəlxalq aləm və Rusiya əhalisi qarşısında guya danışıqlardan imtina etmədiyinə dair yalançı görüntü yaratmağa çalışır: “Orada evlər, yaşayış binaları dağıdılır. Müharibə getdikcə Rusiya tərəfindən barbar xarakter alır. Belədə hansı danışıqlardan söhbət gedə bilər? Mən bir diplomat kimi bunu anlaya bilmirəm. Putinin danışmaq fikri olsa, sadəcə Zelenskiyə zəng edib, deyə bilər ki, qoşunları necə çıxaracaq. Əfqanıstan təcrübəsi göstərdi ki, xalqa qarşı müharibə uzadıldıqca, sonradan qoşunların çıxarılması dəhşətli problemə çevrilir. Danışıqlar aparmaq lazımdır ki, qoşunlar Ukraynadan heç olmasa hardasa ləyaqətlə çıxarıla bilsin”.
Sabiq nazir Putinin əməllərinə görə Rusiya əhalisinin də məsuliyyət daşıdığını deyib: “Rusiyada insanların hazırda keçirdikləri iqtisadi çətinliklər yalnız başlanğıcdır. Sanksiyaların uzunmüddətli təsirləri olacaq və artıq bu təsirlər var. Bu insanların durumu mənim üçün utancvericidir. Əgər sən bir dövlətin həyatında iştirak edirsənsə, deməli həm də bu dövlətə görə məsuliyyət daşıyırsan. Sorğular göstərir ki, rusiyalıların böyük hissəsi hələ də ayılmayıb. Oyanmaq lazımdır. Onların əksəriyyəti çox şeyi bilmir. Bu insanları aldadırlar, lakin onlar bunun əvəzini ödəməli olacaqlar. Onlara yazığım gəlir. Bu, getdikcə dəmir pərdə arxasındakı Sovet İttifaqına bənzəyir”.
Bu xəbər üçün şərh yazın